SABUNÇU ŞAGİRDLƏRİ “ÖLKƏMİZİ TANIYAQ” DEVİZİ İLƏ ŞƏKİ BÖLGƏSİNƏ MAARİFLƏNDİRİCİ TUR-EKSKURSİYAYA YOLLANDILAR
Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyalar təşkil edilmişdir.
Bununla əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılmış, rayonda yaşayan və təhsil alan 40 nəfər nümunəvi və əlaçı şagirddən, müəllim, həkim, bələdçi və rəhbər işçidən (cəmi 45 nəfər) ibarət qruplar müəyyənləşdirilmiş, tur iştirakçıları üçün xüsusi forma və rayon haqqında maraqlı məlumatları özündə əks etdirən bukletlər hazırlanmış, həyata keçiriləcək tur ekskursiyaların əvvəlcədən tərtib olunmuş xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur.
09 noyabr 2014-cü il tarixində Maştağa qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda Sabunçu şagirdlərininin müəyyən olunmuş qrafik üzrə Şəki – Qax- Zaqatala bölgələrinə təntənəli yolasalma mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, qərargah üzvləri, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdi. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sonra isə Dövlət Himninin müşayiəti ilə hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olan və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayan Azərbaycan Respublikasının Dövlət Bayrağı tur iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gətirildi. Tədbirin sonunda şagirdlərin ifasında şeir kompozisiyaları səslənildi.
Qeyd edək ki, şagirdlər üçün təşkil olunmuş tur ekskursiyanın I mərhələsi noyabr ayının 12-dək davam edəcək.