Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri İsmayılov Veys Əflatun oğlu və Ağayev Vahid Məcnun oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.

17 noyabr 2023 | 14:43
     17 noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri İsmayılov Veys Əflatun oğlu və Ağayev Vahid Məcnun oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri  iştirak etmişdir.
     Veys İsmayılov 23 fevral 1996-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 7 yaşı olanda ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçmüşdür. Vətən müharibəsi zamanı könüllü olaraq xidmətə yazılmış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
     Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 №-li tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
Keçidlər