Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu ərazisində yerləşən mənzil fondu və sosial obyektlərin 2012-2013-cü illər payız-qış mövsümünə hazırlığı üzrə görülmüş işlər

04 sentyabr 2012 | 19:00

Sabunçu rayonu ərazisində yerləşən mənzil fondu və sosial obyektlərin 2012-2013-cü illər payız-qış mövsümünə hazırlığını təmin etmək üçün bütün sahələri əhatə etməklə 94 bənddən ibarət Tədbirlər Planı tərtib edilərək rayon İcra Hakimiyyəti Başçısının 371 N-li 17 avqust 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunaraq icrasına başlanılmışdır. Bununla bağlı rayon İcra Hakimiyyətində əlaqədar təsərrüfat rəhbərlərinin iştirakı ilə iki dəfə müşavirə keçirilmiş, payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işlər, eləcə də binaların texniki vəziyyəti ilə bağlı məlumatlar ümumiləşdirilmiş, aidiyyətı üzrə 25.06.2012-ci il və 07.08.2012-ci il tarixli məktublarla Bakı şəhər İcra Hakimiyyəti Başçısına və “Azəristilktəchizat” ASC-yə müraciətlər göndərilmişdir.
Hər il olduğu kimi mövsümə hazırlığa rayonda cari ilin may ayından başlanılmışdır və artıq bir sıra işlər başa çatdırılmışdır. Ümumiyyətlə, Tədbirlər Planında nəzərdə tutulmuş 94 bənddən 39-da işlər tam yerinə yetirilmiş, 32-də işlər davam etdirilməkdədir. 23 bənd üzrə işlərin yerinə yetirilmə müddəti isə Tədbirlər Planında sentyabr-oktyabr aylarına müəyyənləşdirilmişdir.
“Azəristiliktəchizat” ASC-nin Sabuncu rayonunda 56 qazandan ibarət 28 istilik qazanxanası mövcuddur və demək olar ki, onların hamısı işlək vəziyyətindədir. Həmin qazanxanalardan istilik alması nəzərdə tutulmuş binaların və sosial obyektlərin ümumi sayı 210 olsa da faktiki 163-ü istiliklə təchiz olunur. Bu da ötən mövsümdə 77,6 faiz təşkil etmişdir. Növbəti mövsümə qədər binaların sayının 175-ə çatdırılması nəzərdə tutulur.
“Azəristiliktəchizat”ASC 7 saylı İstilik Sistemləri İstismar Sahəsi rayonda 132 yaşayış binasına, 18 məktəbə, 9 uşaq bağçasına, 7 səhiyyə obyektinə və 10 digər obyektə fasiləsiz istilik enerjisi ötürməyə tam hazırdır.
2012/2013-cü illərin istilik mövsümünə hazırlıqla bağlı Tədbirlər Planı tərtib və təsdiq olunmuş, aşağıda göstərilən işlər həyata keçirilmişdir.
Qazanxanalarda olan 43 ədəd qazan avadanlıqlarından 38 ədədi, 107 nasos avadanlığından 107 ədədi, 965 siyirtmədən 680 ədədi, ehtiyat su hovuzu və çənləri, digər köməkçi avadanlıqlar, o cümlədən nəzarət ölçü cihazları, elektrik paylama şitləri və avadanlıqları təmir olunaraq istilik mövsümünə tam hazır vəziyyətə gətirilmişdir. Məhəllədaxili istilik xətlərində istismara yararsız müxtəlif diametrli 180 p/m istilik xətləri dəyişdirilmiş və izolyasiya olunmuşdur.
Tədbirlər Planı çərçivəsində Sabuncu rayonunun mənzil fondunda 30 min kv.m-ə yaxın dam örtüyündə təmir-bərpa işləri aparılmış, 250 kv.m ümumi istifadə yerləri şüşələnmiş, 86 ədəd giriş qapısı, 75 pəncərə dəyişdirilmiş və ya təmir edilmiş, 260 m su axıdıcı borular bərpa olunmuş, 700 m-ə yaxın tüstü bacaları, boruları təmir edilmiş, xeyli daxili kanalizasiya, su və elektrik xətlərində təmir-bərpa işləri aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla bağlı rayonun Tədbirlər Planında mənzil fondu üzrə yerinə yetiriləcək işlər əsasən mövcud imkanlar daxilində, maliyyə vəsaitinə uyğun müəyyənləşdirilir ki, bu da bir çox binaların mövsümə tam hazırlanmasına imkan vermir. Bununla bağlı da görüləcək əlavə işlər müəyyənləşdirilərək aidiyyatı üzrə Bakı şəhər İcra Hakimiyyətinə müvafiq təkliflər verilmişdir.
Sabunçu rayon Qaz İstismar Sahəsi üzrə nəzərdə tutulmuş 5 bənddən ibarət tədbirlərin artıq 3-ü tam, 2-si isə qismən yerinə yetirilmişdir. Bakı şəhəri Sabunçu rayonunda yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itgisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması və texnoloji rejimə uyğun əhalinin fasiləsiz qazla təchizatının təmin edilməsi məqsədi ilə 2012-ci ilin 7 ayı ərzində aşağıdakı işlər görülmüşdür:
Bakıxanov qəsəbəsində 100 metr uzunluğunda müxtəlif diametrli qaz xətti yenisi ilə əvəz edilmiş, 1 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Sabunçu qəsəbəsində ərazisində ümumilikdə 110 metr uzunluğunda müxtəlif diametrli məhəllədaxili qaz xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd D50 mm-lik, 1 ədəd D80 mm-lik, 1 ədəd D100 mm-lik və 1 ədəd D150 mm-lik siyirtmə, 6 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Ramana qəsəbəsində 228 metr uzunluğunda müxtəlif diametrli məhəllədaxili qaz xətləri yenisi ilə əvəz edilmiş, 1 ədəd D50 mm-lik, 1 ədəd D80 mm-lik və 1 ədəd D100 mm-lik siyirtmə, 4 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Balaxanı qəsəbəsində 190 metr uzunluğunda D 57 mm-lik məhəllədaxili qaz xətti yenisi ilə əvəz edilmiş, 2 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Zabrat qəsəbəsində 100 metr uzunluğunda D 40 mm-lik məhəllədaxili qaz xətti quraşdırılmış, 11 metr D108 mm-lik qaz xətti yenisi ilə əvəz edilmişdir, 2 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Kürdəxanı qəsəbəsində D108 mm-lik qaz xəttinin 30 metrlik keçidinin, 38 metr uzunluğunda D108 mm-lik qaz xətləri yenisi ilə əvəz edilmişdir;
Bilgəh qəsəbəsində 55 metr uzunluğunda D 32 mm-lik və 30 metr uzunluğunda D 57 mm-lik məhəllədaxili qaz xətləri, 2 ədəd D100 mm-lik siyirtmə və 2 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Maştağa qəsəbəsində 177 metr uzunluğunda müxtəlif diametrli məhəllədaxili qaz xətləri yenisi ilə əvəz edilmiş, 6 ədəd qaz tənzimləyici quraşdırılmış, 2 ədəd qaz tənzimləyicinin yeri dəyişdirilmişdir. 3 ədəd D150 mm-lik, 2 ədəd D80 mm-lik və 2 ədəd D100 mm-lik siyirtmə quraşdırılmışdır;
Nardaran qəsəbəsində 150 metr uzunluğunda müxtəlif diametr məhəllədaxili qaz xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd qaz tənzimləyici quraşdırılmışdır;
Pirşağı qəsəbəsində 55 metr uzunluğunda D108 və D57 mm-lik məhəllədaxili qaz xətləri yenisi ilə əvəz edilmiş, 1 ədəd qaz tənzimləyici quraşdırılmışdır.
Ümumilikdə rayonda 2988 fərdi ev qazlaşdırılaraq “Smart-kart” tipli yeni qaz sayğacları ilə təchiz olunmuşdur. Bundan əlavə 9369 ədəd mexaniki qaz sayğacları “Smart-kart” tipli qaz sayğacları ilə əvəz edilmişdir.
Hal-hazırda Balaxanı, Sabunçu, Ramana, Zabrat, Maştağa, Nardaran, Bılgəh, Kürdaxanı, Pirşağı qəsəbələrində, II Sovxoz adlanan ərazidə tikinti - quraşdırma və sayğaclaşdırma işləri aparılır.
Rayonun Sabunçu və Maştağa Enerji təchizatı və satışı idarələri tədbirlər planında nəzərdə tutulmuş 13 bəndin hamısını vaxtından əvvəl icra etmişlər.
Sabunçu Su Kanal Departamenti üzrə tədbirlər planında nəzərdə tutulmuş 16 bənddən 2-i tam, 5-i qismən yerinə yetirilmiş, qalan 9 bəndin icra müddəti isə sentyabr ayının sonuna kimi müəyyənləşdirilmişdir.
 

Keçidlər