Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində “Pediatr, yoxsa ailə üzvü ? ” adlı tədbir keçirildi
20 noyabr 2014-cü il tarixində Sabunçu qəsəbəsində yerləşən 12 saylı Şəhər Poliklinikasında Sabunçu Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu rayonunda fəaliyyət göstərən sahə həkim – pediatrların göstərdikləri tibbi xidmət səviyyəsinə dair tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova , RİH aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin işçiləri, Sabunçu qəsəbəsinin İcra nümayəndəsi Məhərrəm Mehrəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin Uşaq şöbəsinin müdiri Cəmilə Bağırova, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin nümayəndəsi, sahə həkim-pediatrlar, əlilliyi olan 20 nəfər uşaq və onların valideynləri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları 12 saylı Şəhər Poliklinikasının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül düzərək Ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tədbiri açıq elan edərək, son illərdə Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsindən söhbət açdı. Qeyd olundu ki, yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqmətlərindəndir. Vurğulandı ki, respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən bütün ölkədə olduğu kimi, Sabunçu rayonunda da bir çox işlər görülmüşdür. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsləri əvəzolunmazdır. Fondun dəstəyi ilə paytaxt və regionlarda çoxlu sayda tibb müəssisəsi yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, onların yenidən qurulması həyata keçirilmişdir.
Mövzu ilə əlaqədar A.Məmmədova bildirdi ki, pediatrlar - məişətimizin və övladlarımızın ayrılmaz hissəsidir. Sahə həkiminin təcrübəsinin mahiyyəti ondan ibarətdir ki, o, uşaqlara və ailə üzvlərinin səhhətinə nəzarət edərək, imkan daxilində profilaktik tədbirlər həyata keçirməklə və xəstəliyin ilkin əlamətlərini müəyyənləşdirməklə, bütün ailəyə "başçılıq" edir. Lakin hazırda sahə həkim-pediatrlar tərəfindən göstərilən tibbi xidmətlərdə müəyyən boşluqlar var və xidmət lazımi səviyyədə göstərilmir. Bu qüsurların aradan qaldırılması üçün burada valideynlərin də üzərinə məsuliyyət düşür. Onlar öz hüquqlarını bilməli, maariflənməli və bunu tələb etməlidirlər. Çox təəssüf ki, gələcəkdə ana olacaq qadınların, anaların maarifləndirilməsi lazımi səviyyədə deyil. Bunun üçün bu tədbirlərin keçirilməsi zəruridir və böşluqların yaranması faktorları daim müzakirə olunmalı və təhlillər aparılmalıdır.
Sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin Uşaq şöbəsinin müdiri Cəmilə Bağırova, 12 saylı Şəhər Poliklinikasının baş həkimi Lətif Əsgərov, Uşaq şöbəsinin müdiri Vəzifə Abbasova çıxış etdilər.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup sahə həkim-pediatrlara diplom və hədiyyələr, iştirak edən 20 nəfər əlilliyi olan uşaqlara isə şirniyyat bağlamaları təqdim olundu.