Sabunçu rayonunda “3 dekabr- Beynəlxalq əlillər günü” qeyd olundu
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər günü” Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bununla əlaqədar 02 dekabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Sabuncu rayon “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın, Sabunçu rayon “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin, Sabunçu Rayon “Çernobıl Əlillər Cəmiyyətinin”, Rus və Ukrayna İcmasının, Azərbaycan Əlillər Cəmiyyəti”nin sədrləri, eləcə də Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş 140 nəfər iştirak edirdilər.
Tədbir iştirakçılarını salamlayan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərdən olduğunu bildirdi. A.Məmmədova çıxışında vurğuladı ki, əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Sabunçu rayonunda həyata keçirilən işlərdən danışdı. Qeyd olundu ki, rayonda qeydiyyatdan keçmiş 5343 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.
Sonra tədbirdə Sabuncu rayon “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın sədri Elxan Mirzəyev, Sabunçu rayon “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Zülfüqar Cəfərov və digər tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdilər.
Tədbir əyləncəli proqramla davam etdi, sonda isə Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.