Sabunçu rayonunun fəal gənc və məktəbliləri Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər
10 dekabr 2014-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun 40 nəfər fəal gənc və məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılan Heydər Əliyev Mərkəzinə ekskursiya edən iştirakçılar əvvəlcə Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirdilər ki, mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib. Müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilib. Muzeydə ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimi, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Həmçinin, iştirakçılar Heydər Əliyev Mərkəzinin özünəməxsus quruluşa malik Auditorium zalında oldular. Burada məlumat verilib ki, Auditorium zalı bir çox kütləvi tədbirlər – konfrans, forum, simpozium, konsert keçirilməsi üçün müasir infrastruktura malik ideal məkandır.