Sabunçu rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edildi
11 dekabr 2014-cü il tarixdə Sabunçu rayonunda Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 11-ci ildönümü ilə əlaqədar “Azərbaycan xalqının əbədiyaşar ULU ÖNDƏRİ” adlı tədbir keçirildi.
Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri ilk öncə Ulu öndər Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sabunçu rayon Gənclər Evində təşkil olunmuş tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev giriş sözü ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, onun Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. A.Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyev siyasətinin nəticələri olduğunu qeyd etmiş, hazırda da bu müdrik siyasətin ölkə rəhbərimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sonra Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Milli Təlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın sədri Elxan Mirzəyev, Bakı Dövlət Universitetinin “Regionşünaslıq” fakültəsinin məzunu, YAP Sabunçu rayon təşkilatının fəal üzvü İntizar Rzayeva çıxış edərək Ümummili Lider Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə nitq söylədilər.
Tədbirin bədii hissəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu və rayonun 107 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Azərbaycan xalqının əbədiyaşar ULU ÖNDƏRİ” adlı şeir kompozisiyası təqdim edildi.