Sabunçu rayonunun ümumtəhsil məktəbləri 15 sentyabr – “Bilik günü”nü qeyd etdi
Xalqımızın həyatında böyük əhəmiyyət kəsb edən 15 sentyabr “Bilik günü” respublikanın hər yerində olduğu kimi Sabunçu rayon ümumtəhsil məktəblərində də böyük təntənə ilə qeyd olundu. Rayonda yeni dərs ilinin başlanması ərəfəsində bu münasibətlə çoxsaylı layihələr və hazırlıq işləri həyata keçirilmişdir. 2012/2013-cü tədris ilinin başlanması ilə əlaqədar 4 məktəb üçün əlavə korpus tikilmiş, 9 məktəbdə yenidənqurma işləri aparılmışdır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseyin 3 mərtəbəli binası əsaslı təmir olunmuş, buradakı 70 sinif, yardımçı otaqlar, idman və akt zallar ıəsaslı təmir olunmuş, 2 kompyuter sinfi yaradılmış, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir. Məktəbin girişi və həyəti yenidən qurulmuş, həyətin asfalt örtüyü yenilənmiş, yaşıllaşdırma işləri aparılmışdır. Məktəb müasir avadanlıqlarla təchiz olunmuşdur.
Məktəblərin yeni dərs ilinə hazırlığı ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin övladlarına Bakı Tikiş Evindən alınan 661 ədəd müxtəlif ölçüdə qız və oğlan məktəbli forması verilmişdir. Onlardan 500 dəst Nardaran qəsəbəsində yerləşən 130 və 295 nömrəli orta məktəblər üçün ayrılmış,”Bilik günü” ilə bağlı 6 sentyabr tarixində keçirilən tədbirdə rayon ərazisində olan hər məktəbə 250 dəst məktəbli forma paylanılmışdır. “Bilik günü” ilə bağlı 7 sentyabrda Sabunçu rayon YAP-nın təşkilatçılığı ilə keçirilən tədbirdə isə 161 məktəbli forması aztəminatlı ailələrin, qarabağ əlillərinin övladlarına verilmişdir. Həmin tədbirdə çıxış edən YAP-nın Sabunçu rayon şöbəsinin sədri Mehriban Abbasquliyeva ölkə başçısının təhsilə olan diqqət və qayğısından söz açdı, məktəbli forması ilə təmin olunan ailələri və uşaqları təbrik etdi.
Yeni dərs ili ərəfəsində daha bir tədbir Nardaran qəsəbəsində yerləşən 295 nömrəli orta məktəbdə baş tutdu. Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyəti Aparatının rəhbərliyi və digər əməkdaşları, millət vəkili Eldar Quliyev, Sabunçu rayon Prokruroru Ceyhun Şirinov, Polis İdarəsinin rəisi Cavanşir Babayev, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Əlimirzəyev, rayon YAP-ın sədri Mehriban Abbasquliyeva, rayonun 46 ümümtəhsil məktəblərinin rəhbərləri və müavinləri, eləcə də, keçən tədris ilində 600-dən yuxarı bal toplamış məzunlar iştirak etdilər. Giriş sözü ilə tədbiri açan Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək onlara öz çətin və şərəfli işlərində uğurlar arzuladı. Bundan əlavə, məktəblərin yekun göstəriciləri nəzərdən keçirildi, rayonun qəbul göstəricisi, təhsil sahəsindəki uğurları, eyni zamanda çatışmazlıqları müzakirə edildi. 600-dən yuxarı bal toplayan 43 abituriyent müxtəlif qiymətli hədiyyələrlə təltif edildi. Onların içərisində 1 nəfər-Bakıxanov qəsəbəsi 72 nömrəli məktəb-liseyin məzunu Əliyeva Xeyransa Rafiq qızı 700 bal toplayaraq Azərbaycan Prezidentinin Yanında İdarəetmə Akademiyasının Hüquq fakultəsinə qəbul olaraq Prezident təqaüdünə layiq görülmüşdür.
15 sentyabr - “Bilik Günü”ndə Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbin Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirində iştirak edən Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev bilik günü münasibətilə məktəb kollektivini , şagirdləri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Adil Vəliyev bu qəsəbə üçün böyük uğur hesab olunan həmin məktəbin məzunu Əliyeva Minarə Ağası qızının yüksək balla ali məktəbə daxil olmasını xüsusi vurğulamış və onu digər şagirdlərə örnək olmasını tövsiyə etmişdir.
Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun Bakıxanov qəsəbəsində yerləşən 169 nömrəli tam orta məktəbin yeni 300 şagird yerlik korpusunun təntənəli açılışı oldu.Açılışda məktəbin direktoru Elnarə Tağıyeva məktəbdə yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirərək məktəbin pedaqoji kollektivi adından öz ölkəsinə savadlı və vətənpərvər gənclərin yetişlməsində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışdır. Məktəbin direktoru Elnarə Tağıyeva əldə etdikləri nailiyyətlərdən danışaraq qeyd etdi ki, 2007-ci ildən cənab Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında ölkədə “İlin ən yaxşı ümümtəhsil məktəbi”, “İlin ən yaxşı müəllimi” müsabiqələri keçirilir və 169 nömrəli məktəb hər iki müsabiqədə layiqli iştirak edərək ad qazanmışdır. 2010-cu tədris ilində məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. 2012-ci tədris ilində məktəbin ingilis dili müəllimi Kəbirli Kamilə Rəjdin qızı “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Belə ki, 2011/2012-ci il tədris ilində 99 məzunundan 3-ü 600-dən çox bal toplamışdır, digərləri isə 400-dən çox bal toplayaraq Azərbaycanın müxtəlif ali məktəblərinə daxil olmuşlar.
2011/2012-ci tədris ilində Sabunçu rayonu üzrə 1953 nəfər ali məktəbə sənəd vermiş, onlardan 917-si tələbə adını qazanmışdır. Bunlardan əlavə, 75 nəfər isə xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olmuşdur.