Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabunçu rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu
29 dekabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində inşa edilmiş 80 yerlik “Şəhrizad” körpələr evi-uşaq bağçasının açılışı oldu. İnşasına 2014-cü ilin aprelində başlanılan ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı və transformator yarımstansiyası quraşdırılıb.
Açılış mərasimində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimayətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək, ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirdi. A.Vəliyev qeyd etdi ki, Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsilin inkişafı ilə bağlı fəaliyyətində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olaraq, uşaqların ifasında kiçik musiqili-əyləncəli proqrama baxdılar.