Sabunçu rayonunun tədris müəssisələrində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar xüsusi dərslər keçirilir
14 yanvar 2015-ci il tarixində Balaxanı qəsəbəsində yerləşən 4 saylı tam orta məktəbdə tarix fənnindən 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş açıq dərs keçirilmişdir. Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, məktəb müəllimlərinin və məktəblilərin iştirak etdikləri tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açıq dərsi aparan 4 saylı tam orta məktəbin tarix müəlliməsi Abbasova Arzu məlumat verərək bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayət - xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günü kimi tərənnüm edilir. Dərsdə fəal iştirak edən şagirdlər tərəfindən vurğulanmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğurunda mübarizə əzmini qıra bilməmiş, Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır. Açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılmış, qanlı Yanvar faciəsinin dəhşətlərinin əks olunduğu sənədli film nümayiş etdirilmişdir.
Dərsin sonunda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova şagirdlərə 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqəti barədə danışdı.