Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Sabunçu rayonunda silsilə tədbirlər keçirilmişdir

23 yanvar 2015 | 20:00

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin      «20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.

Tədbirlər planına əsasən rayonun tədris müəssisələrində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur hissinin artırılması, vətənin süverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinə həsr olunmuş dərslər, dəyirmi masalar,  fotosərgilər və ədəbi-bədii gecələr keçirilmişdir.

16 yanvar 2015-ci il tarixində rayonun 271 nömrəli tam orta məktəbində “Müstəqilliyə gedən yol” adlı açıq dərs keçirildi. Dərsdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri və məktəb kollektivi iştirak etdilər.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin hazırladıqları şeir kompozisiyasını dinlədilər, rəsm və kitab sərgisinə baxış keçirtdilər. Sonra 271 nömrəli tam orta məktəbin məktəbin direktoru Səməndər Məmmədov qonaqları salamladı və bildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub. Açıq dərsdə tarix müəllimi Xatirə Əsədova şagirdlərə və qonaqlara məlumat verərək bildirdi ki, 20 yanvar  gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. 20 Yanvar faciəsindən 25 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir.  Sonra dərsdə Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışılıb. 20 Yanvar hadisələrini əks etdirən video çarx nümyaiş etdirildi. Dərsin sonunda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış etdi və açıq dərsin təşkili üçün məktəbin kollektivinə öz təşəkkürünü bildirdi.

17 yanvar 2015-ci il tarixində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş növbəti tədbir rayonun 309 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir. Belə ki, Respublika Qadınlar Şurasının Sabunçu rayon təşkilatı tərəfindən təşkil olunan tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu. Tədbirdə çıxış edən 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov və Respublika Qadınlar Şurasının Sabunçu rayon təşkilatının sədri Samirə Əjdərova qeyd etdilər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda,  qürur və iftixar günüdür.

Keçidlər