“2 Fevral – Gənclər Günü” münasibətilə Sabunçu rayonunda məskunlaşan qaçqın və məcburi köçkün gənclərlə görüş keçirildi
02 fevral 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə 2 Fevral – Gənclər Günündə Sabunçu rayonunda məskunlaşan qaçqın və məcburi köçkün gənclərlə görüş keçirildi.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının inzibati binasında baş tutan görüşdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova görüş iştirakçılarını salamladı və onları 2 Fevral – Gənclər Günü ilə əlaqədar təbrik etdi. A.Məmmədova əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətindən söhbət açaraq bildirdi ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var və bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə edilib. Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva qeyd etdi ki, Yeni Azərbaycan Partiyası gənclər üçün dialoq və inkişaf platforması təqdim edir. Partiyanın reallaşdırdığı layihələrlə cəmiyyətimizin avanqard qüvvəsi olan gənclər kreativ və intellektual bacarıqlarını aşkara çıxarır, onu reallaşdırır və özünü sübut edir. Ona görə də ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə gənclərin güclü dəstəyini qazanıb və onların yeganə seçiminə çevrilib. Sonra mövzu ətrafında gənclərlə fikir mübadiləsi aparıldı, tədbir iştirakçıları gəncləri maraqlandıran sualları cavablandırdılar. Sonda gənclərə xatirə hədiyyələri təqdim olundu.