Sabunçu rayonunda “Uşaqları dinləyək !” başlığı ilə maarifləndirici layihəyə start verildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10 fevral - 23 aprel 2015-ci il tarixləri arasında xüsusi qrafikə müvafiq olaraq Sabunçu rayonunda yerləşən orta məktəblərdə valideyn, müəllim və şagird kollektivləri ilə erkən nigahlara, təhsildən yayınma halları və məişət zorakılığına həsr olunmuş “Uşaqları dinləyək !” başlığı ilə maarifləndirici layihə çərçivəsində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
10 fevral 2015-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 187 saylı tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələrinin və qəsəbədə fəaliyyət göstərən bütün tam orta məktəblərdən olan valideyn, müəllim, şagird kollektivlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə çıxış edən “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova qeyd etmişdir ki, tədbirin keçirilməsində məqsəd son dövrün aktual problemləri olan erkən nigah, təhsildən yayınma halları, reproduktiv sağlamlıq, məişət zorakılığı və qadın hüquqları mövzularında əhalinin maarifləndirilməsidir. Çıxışlardan sonra tədbir iştirakçıları ilə mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı.
Aprel ayına qədər nəzərdə tutulan silsilə xarakterli bu görüşlər Sabunçu rayonunun Maştağa, Kürdəxanı, Pirşağı və Nardaran qəsəbələrində fəaliyyət göstərən tam orta məktəblərində davam edəcəkdir.