Sabunçu rayonunda Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası nümayiş etdirilib
10 fevral 2015 –ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam ortaməktəbin akt zalında Gənclər və İdman Nazirliyinin "Sağlam həyat tərzi" layihəsi çərçivəsində Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası nümayiş etdirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub. Narkotik aludəsi olan bir qrup tələbənin faciəli həyatından bəhs edən tamaşada faciənin əsas səbəbi kimi gənc oğlanların uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir.
Tamaşadan əvvəl Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri İntiqam Soltan çıxış edərək bildiriblər ki, tamaşanın nümayişi gəncləri narkomaniya haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyasını daşıyır. Gələcəyin həm müəllimləri, həm də valideynləri olan bu gənclərin narkomaniya və onun fəsadları haqqında maariflənmələrinin vacib olduğu vurğulanıb.