Sabunçu rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
21 fevral 2015-ci il tarixində Sabunçu Gənclər Evində Sabunçu rayonunun 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbir Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Eldar Quliyev və Qalib Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirildi.
Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlərdən bəhs edən filmin nümayişi ilə başladı.
Tədbirdə ilk öncə hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2014-cü il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirdi. Adil Vəliyev qeyd etdi ki, 2014-cü il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, ötən il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının ümumi həcmi 286,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 563,5 milyon manat təşkil etmiş, əhaliyə göstərilən pullu xidmətlər isə 324,5 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,5 dəfə artaraq 730,6 milyon manata çatmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı əvvəlki ildəkinə nisbətən 1,0 faiz artaraq 439,1 manat, o cümlədən sənaye sahəsində 1,0 faiz artaraq 568,2 manat olmuşdur. 2014-cü il ərzində rayonda cəmi 2814 yeni iş yeri yaradılmışdır ki, onlardan da 213-ü hüquqi, 2601-i isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı 30288 nəfər, o cümlədən sənaye sahəsində 8432 nəfər, təhsil sahəsində 4865 nəfər, səhiyyə sahəsində 4309 nəfər, tikintidə 1472 nəfər, nəqliyyat və rabitədə 1438 nəfər, ticarətdə 7302 nəfər, mənzil-kommunal sahəsində 782 nəfər, idarəetmə orqanlarında 539 nəfər, kreditləşmə, maliyyə və sığorta sahələrində 740 nəfər, digər sahələrdə 409 nəfər olmuşdur.
2014-cü il ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayon üzrə 2041 ailəyə cəmi 4,34 milyon manat məbləğində ünvanlı yardım təyin edilərək ödənmişdir.
Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən 285 nəfər təhsil, 7 nəfər Milli Qəhrəman, 5 nəfər “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailəsinə Prezident təqaüdü, 1362 nəfərə kommunal xidmətlərə görə müavinət, ümumilikdə bütün növ təyinatlar üzrə 9495 nəfərə sosial müavinət təyin olunaraq ödənilmişdir.
Sabunçu rayon Məşğulluq Mərkəzi tərəfindən də sosial müdafiəyə ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara mümkün köməkliklər göstərilərək il ərzində mərkəzə müraciət etmiş 1700 nəfərdən 1525 nəfəri qeydə alınaraq onlardan 742 nəfəri işlə təmin olunmuş, 117 nəfərə isə müavinət verilmişdir.
Rayonda 30412 nəfərə pensiya xidməti göstərilir ki, bunlardan 19691 nəfəri yaşa görə, 8344 nəfəri əlilliyə görə, 2377 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmiş şəxslərdir. 2014-cü il ərzində pensiya təyin edilmiş şəxslərin sayı isə 19691 nəfər olmuşdur.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilərək icrasına başlanmışdır. Həmin Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət mühüm sosial və iqtisadi əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Proqramda Təhsil sahəsi üzrə 30 bənddən ibarət tədbirlərdə 2792 şagird-yerlik 4 yeni məktəb binasının tikintisi, 1728 şagird-yerlik 2 qəzalı məktəb binasının sökülərək yenisinin tikintisi, 7 məktəbin həyətində cəmi 203 əlavə sinif otaqlarının tikintisi, mövcud məktəblərdə 3 akt zalı, 3 idman zalı, 4 müxtəlif təyinatlı yardımçı təsərrüfat binalarının tikintisi, 11 təhsil müəssisəsində əsaslı təmir, 4 uşaq bağçasının sökülərək yerində yenisinin tikintisi, 2 uşaq bağçasında isə əsaslı təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Hazırda təhsil sahəsi üzrə 5 obyektdə tikinti və təmir işləri davam etdirilir.
Eyni zamanda Proqramda rayon üzrə 3 yeni mədəniyyət evinin tikintisi, 2 mədəniyyət evinin əsaslı təmiri, 4 idman obyektinin tikintisi, bir sıra səhiyyə müəssisələrinin əsaslı təmiri və yeni tibb avadanlıqları ilə təchizatı nəzərdə tutulmuşdur və artıq bir neçə obyektdə işlərin icrasına başlanmışdır.
Rayonda kiçik və orta sahibkarlığın inkişafı üzrə Bilgəh, Maştağa, Nardaran, Zabrat və Ramana qəsəbələrində yeni istehsal və kənd təsərrüfatı müəssisələrinin yaradılması nəzərdə tutulub. 2014-cü il ərzində Proqram çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 43 sahibkara 2,6 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Verilmiş bu kreditlər hesabına təqdim edilmiş layihələr üzrə rayonda əlavə 260 yeni iş yerlərinin yaradılması mümkün olacaq.
Bunlardan əlavə Proqramda qaz, elektik enerjisi, su, istilik təchizatı, kanalizasiya, yol təsərrüfatı, abadlıq, yaşıllaşdırma, mənzil fondu, yanğından mühafizə və digər təhlükəsizlik tədbirləri üzrə işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur və bunların da xeyli hissəsi artıq icra edilməkdədir.
2014-cü ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına rayon ərazisində sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri və abadlıq işlərinin aparılması davam etdirilmişdir.
Qeyd edildiyi kimi ötən ilin may ayının 7-də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Bakıxanov qəsəbəsi, Sülh küçəsində inşa edilmiş “Asan xidmət”in 5 mərtəbəli inzibati binasının, sentyabr ayının 13-də isə əsaslı təmir olunmuş 72 saylı məktəbin və 80 saylı məktəbdə inşa edilmiş 400 şagird yerlik yeni tədris korpusunun açılışı olmuşdurz. Bundan başqa 2014-cü ildə Bakıxanov qəsəbəsində 800 şagird yerlik “Kaspi” tədris mərkəzinin, 8000 abonent tutumlu ATS-25-in və Gənclər Evinin, eləcə də Sabunçu qəsəbəsində yerləşən 12 saylı Şəhər poliklinikasının inzibati binaları istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin inzitabi binalarında tikinti işləri başa çatdırılmaq üzərədir. Sabunçu qəsəbəsi, Şəhər şosesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır.
Hal-hazırda, Bakıxanov qəsəbəsində ümumi sahəsi 2,2 ha olan “Heydər Əliyev” adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri və həmin ərazidə 3 mərtəbəli H.Əliyev Mərkəzinin inşası, Nardaran qəsəbəsindəki Mədəniyyət evinin (Muğam-musiqi mərkəzi), Maştağa qəsəbəsində H.Abbasov adına 350 yerlik Mədəniyyət evinin, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı Şəhər iqtisad Məhkəmələri üçün inzibati binaların tikintisi, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölməsinin yeni binalarının tikintisi və s. davam etdirilir.
Hesabat yığıncağında Milli Məclisin deputatı Eldar Quliyev, Sabunçu Rayon Prokuroru Ceyhun Şirinov, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, “Bakıneftmaşınqayırma zavodu” TASC-nin direktoru Eldar Vəliyev, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Akif Ramazanov, 36 saylı Şəhər Poliklinikasının baş həkimi, YAP Sabunçu Rayon Təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış etdilər. RİH Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli Şura iclasının qərar layihəsini oxuduqdan sonra, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciəti oxudu.
Hesabat yığıncağına RİH başçısı Adil Vəliyev yekun vurdu.