Sabunçu rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən 25 fevral 2015-ci il tarixində Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalı sakinləri ilə görüş keçirilmiş, xocalıların əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq ehsan verilmişdir.
Görüşdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, müavinlər, RİH aparatın şöbə müdirləri, qəsəbə icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və 250 nəfər xocalı sakini iştirak edirdi.
Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə başsağlığı verdi və bildirdi ki, amansızlığı ilə fərqlənən Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Qeyd olundu ki, ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin həyat şəraiti gündən-günə yaxşılaşır və şübhəsiz ki, Ali Baş Komandanın başçılığı ilə işğal altında olan torpaqlarımızı son zərrəsinə qədər qaytaracaq günümüz yaxındadır.
Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov isə öz çıxışında Xocalı soyqırımı haqqında danışaraq bu dəhşətli faciəni törədənləri pisləyərək öz cəzalarına çatacaqlarına əmin olduğunu bildirdi.
Sonra 2 saylı Xocalı rayon məktəbinin şagirdləri hazırladıqları bədii kompozisiyanı təqdim etdilər. Tədbir ehsan süfrəsi arxasında davam etdi. Din xadimləri xocalı sakinlərinin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar.