Sabunçu rayonunda “Yel çərşənbəsi” qeyd olundu
10 mart 2015-ci il tarixdə Pirşağı qəsəbəsində yel çərşənbəsinin qeyd edilməsi ilə bağlı 112 nömrəli tam orta məktəbin həyətində tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak edirdilər.
İlk öncə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Pirşağı qəsəbəsinin sakinlərini salamlayaraq onları baharın gəlişi və Yel çərşənbəsi ilə təbrik etdi.
Sonra qəsəbənin mədəniyyət işçiləri və məktəbliləri hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Çıxışlarda Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Tədbirdə Novruz haqqında ən yaxşı şeir deyən şagird və müəllimlərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən pul mükafatları təqdim edildi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı.
Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdı.