Sabunçu rayonunun gəncləri Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etdilər
31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun gəncləri tərəfindən Quba Memorial Soyqırımı Kompleksi ziyarət olundu.
31 mart 2015-ci il tarixində gerçəkləşən ekskursiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayonun ictimai və mədəni həyatında fəal iştirak edən şagird və gənclər iştirak etdilər. Komplekslə tanışlıq zamanı ekskursiya iştirakçılarına məlumat verildi ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var.