Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban Bayramı Sabunçu rayonunda da qeyd olunmuşdur

26 oktyabr 2012 | 19:00

Xalqımızın çox dəyərli milli bayramı olan Qurban bayramı müqəddəsliyi ilə seçilir. Bu bayram insanları birliyə, saflığa və müqəddəsliyə çağıran bir bayramdır. Müqəddəs Qurban bayramı günündə imkanı olan şəxslər qurban kəsməli, onu ehtiyacı olanlara paylamalıdır. Belə bir gündə uşaqları sevindirmək hər şeydən daha vacibdir.
Müsəlmanların müqəddəs bayramlarından biri olan Qurban bayramı Respublikamızın hər yerində olduğu kimi, Sabunçu rayonunda da geniş qeyd edilmişdir. Bayram münasibəti ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birgə rayonun Bakıxanov və Zabrat qəsəbələrində qurbanlıq qoyunların satışı üçün xüsusi yerlər ayrılmış, sakinlərin rahat şəkildə qurbanlıq qoyunlarının alınması və kəsilməsinə şərait yaradılmışdır.
Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən bir sıra müəssisə və təşkilatların, iş adamlarının və rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına qurbanlıqlar alınmış və bu qurbanlıqlar rayonun Qarabağ müharibəsi əlilləri, və şəhid ailələri İctimai Birliyinin üzvlərinə, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobol əlilləri İttifaqının üzvlərinə, Gözdən əlillər Cəmiyyətinin üzvlərinə, 20 Yanvar Cəmiyyətinin və bir sıra QHT rayon şöbələrinə paylanılmışdır. Eyni zamanda Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə, digər sosial kateqoriyalara malik insanlara qurban payları verilmişdir.
24.10.2012-ci il tarixində YAP-nın idarə heyətinin üzvlərinin və Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayonun Bilgəh qəsəbəsi ərazisində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) görüş keçirilmişdir. Onların Qurban bayramını təbrik edən qonaqlar problem və qayğıları ilə maraqlanmışdırlar. Hər zaman dövlətin, ölkə rəhbərinin onların yanında olduğunu hər bir qayğılarını, nəvazişlərini çəkdiklərini vurğuladılar. Sonda gətirilmiş qurbanlar kəsildi.
25 oktyabr 2012-ci il tarixində Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən “Nardaran” şadlıq sarayında Qurban bayramı münasibəti ilə Rayon İcra Hakimiyyəti tərəfindən 300 nəfərdən artıq bayram süfrəsi təşkil edilmişdir. Tədbirdə iştirak edən kənd ağsaqqalları, rayon sakinləri bu diqqət, qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək ölkə rəhbərinin əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində apardığı islahatlardan danışmış, rayon sakinlərinin hər birinin problem və qayğısını, qəsəbələrdə yaşanan problemlərdən, görülən işlərdən və qarşıda duran məsələlərdən söz açaraq bayram münasibəti ilə hamını təbrik etdi.
Bayram tədbiri Zabrat qəsəbəsində yerləşən 22 №-li və 37 №-li uşaq sanatoriyalarında da eyni qaydada davam etmişdir.
26.10.2012-ci il tarixdə Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbində Qurban bayramı münasibəti ilə tədbir baş tutmuşdur. Tədbirdə Bilgəh qəsəbəsi 11 №-li internat məktəbi Maştağa qəsəbəsi 1 №-li internat məktəbinin uşaqları və müəllim kollektivi iştirak edirdi. Bayram tədbirində Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının müavini Şakir Alıyev çıxış edərək bayram iştirakçılarını təbrik etmişdir.
Qurban bayramı ilə əlaqədar keçirilən bu xeyirxah tədbirdə hər iki məktəbin direktorları çıxış etdilər. Onlar hər bir işdə xalqın qayğısına qalan, dövlətin hər bir vətəndaşı ilə maraqlanan ölkə rəhbərinə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. Sonra bayramın tarixi, müqəddəsliyi, vacibliyi ilə əlaqədar Bilgəh qəsəbəsinin Axundu çıxış etdi. O qeyd etdi ki, Qurban bayramı qədim tarixi, ənənəsi olan bayramdır. Bayramın əsas məqsədi milli birlikdir. Hamı bərabər olmalı, bərabər yaşamalıdır.
 

Keçidlər