Sabunçu rayonunda 2015-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
17 aprel 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezident giriş nitqilə çıxış edərək ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış və qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir. Adil Vəlyev qeyd etdi ki, hesabat dövründə bütün respublikada olduğu kimi Sabunçu rayonununda da sosial-iqtisadi sahələrində dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseyn-zadə rayonunun 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların həcmi 69,4 mln. manat olmuş, pərakəndə əmtəə dövrəsi 5,6 faiz artaraq 157,8 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,7 faiz artaraq, 94,1 mln manata çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 22,9 % artaraq 50,9 mln manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cu il tarixli Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və bu Proqram çərçivəsində Sabunçu rayonu ərazisində bütün sahələri əhatə edən 74 bəndən ibarət çox mühim sosial və iqtisadi əhəmiyyətli obyektlərin tikilməsi, yolların salınması, əhalinin elektrik enerjisi, su, kanalizasiya, qaz və istilik təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Bu il keçiriləcək I Avropa Yay Oyunlarının əsas arenası olan, 68 min tamaşaçını qəbul edəcək və ən müasir tələblərə cavab verən stadionun cari ilin mart ayının 18-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuşdur. Hal-hazırda bu möhtəşəm idman kompleksinin ətrafında abadlıq və yaşıllaşdırma işləri başa çatmaq üzrədir. I Avropa Oyunlarının açılış və bağlanma mərasimlərinin və bir çox idman yarışlarının Sabunçu rayonu ərazisində keçirilməsi ilə əlaqədar ərazidə böyük həcmdə abadlıq işləri aparılmışdır.
Belə ki, cari ilin yanvar-fevral aylarında Beynəlxalq hava limanına gedən yolun Sabunçu qəsəbəsindən keçən hissəsində A.Əsədullayev küçəsində 80-ə yaxın, Bünyadov küçəsində isə 38 ədəd plansız şəkildə inşa edilmiş evlərdə yaşayan sakinlər müvafiq kompensasiya alaraq köçürülmüş, ərazi təmizlənmiş, abadlıq və mühəndis kommunikasiyaların köçürülməsi üzrə böyük işlər aparılmışdır.
2015-ci ilin əvvəllindən rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına rayon ərazisində sosial əhəmiyyətli obyektlərin, qurğuların tikintisi və abadlıq işlərinin aparılması davam etdirilmişdir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çaymayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin inzibati binalarında tikinti işləri başa çatdırılmaq üzrədir. Sabunçu qəsəbəsi, Şəhər şosesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmış və bu yaxın vaxtlarda istifadəyə veriləcək.
Cari ilin 3 ayı ərzində əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının daha da yaxşılaşdırılması, yeni xətlərin çəkilməsi üzrə də xeyli işlər görülmüş və hazırda da davam etdirilməkdədir.
“Novruz” bayramı ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Cənubi Koreya Pespublikasının şirkətləri rayonun Kürdəxanı qəsəbəsinin su təchizatı üzrə nəzərdə tutulmuş layihənin icrasını başa çatdırmışdır. Hal-hazırda “Azərsu” tərəfindən Balaxanı qəsəbəsinin də su sistemi yenidən qurulur.
7 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən görülmüş işlər nəticəsində ötən payız-qış mövsümündə istilik alan binaların sayı 153-dən 180-ə, mənzillərin sayı isə 6068-dən 7200-ə çatdırılmışdır. Bundan əlavə 20 məktəb, 6 uşaq bağçası, 10 səhiyyə obyekti mərkəzləşdirilmiş qaydada fasiləsiz istiliklə təmin olunmuşdur.
Rayon ərazisində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri 2015-ci ildə də davam etdirilir. Bakıxanov qəsəbəsinin Y.Əliyev, X.Xasməmmədov, N.İsmayılov, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir tələblərə cavab verən üslubda üzlənir, dam örtükləri dəyişdirilir, ətrafda abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri davam etdirilir. Bu günə qədər 51, o cümlədən mart ayında 2 binada üzləmə işləri başa çatdırılmış, Sülh küçəsi 13 ünvanındakı 9 mərtəbəli binada isə işlər davam etdirilir.
Cari ilin 3 ayı ərzində qəsəbələrdə, yaşayış məntəqələrində sanitar-təmizlik işlərinin aparılmasının səviyyəsinin qaldırılması, məişət tullantılarının vaxtında yığışdırılaraq daşınması istiqamətində xeyli işlər görülmüşdür.
Rayonda abadlıq işləri ilə yanaşı mərkəzi yolların kənarlarında, məhəllədaxili ərazilərdə xeyli yaşıllaşdırma işləri görülmüşdür. İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində bu işlər daha intensiv xarakter almışdır. Belə ki, rayonun qəsəbələrində ilin əvvəlindən 1500-ə yaxın kiparis və şam ağacları əkilmiş, 4 min ağacda yaz budama işləri aparılmışdır.
Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən 2015-ci il fevral ayının 2-dən may ayının 1-nə kimi bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq verilmişdir. Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən rayonun 10 yaşayış məntəqəsi üzrə 270261 nəfər əhalinin keçirilməsi nəzərdə tutulmuşdur. 17 aprel 2015-ci il tarixədək Sabunçu rayonunda 116749 nəfər vətəndaşın tibbi müayinədən keçməsi təmin edilmişdir. Qeyd olunan müddət ərzində müayinədən keçənlərin 611 nəfəri stasionar, 5363 nəfəri isə ambulator müalicəyə cəlb edilmişdir.
Rayon İcra Hakimiyyəti 2015-ci ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Cari ilin 3 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1085 ərizə və 591 məktub daxil olmuş, İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 58 nəfər, keçirilmiş səyyari görüşlərdə isə cəmi 947 nəfər iştirak etmiş və 43 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir. Edilmiş müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 55 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Məruzə ətrafında Rayon Mənzil Kommunal Təssərüfatı İdarəsinin rəisi Akif Ramazanov, 12 saylı Şəhər Poliklinikasının baş həkimi Lətif Əsgərov çıxış etdilər. Sonra Şura iclasının qərar layihəsi oxunmuşdur.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.