Sabunçu rayonunda əhalinin dispanserizasiyası uğurla başa çatıb
Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin sağlamlığının təmin olunması məqsədi ilə 2015-ci il fevral ayının 2-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin mütəşəkkil qaydada təmin olunması üçün Sabunçu Rayon İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur. Keçirilən dispanserizasiya ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır.
Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən rayonun 10 yaşayış məntəqəsi üzrə 270261 nəfər əhalinin keçirilməsi nəzərdə tutulmuşdur. 02 fevral-01 may 2015-ci il tarixədək Sabunçu rayonunda 122347 nəfər vətəndaşın tibbi müayinədən keçməsi təmin edilmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, həzm, tənəffüs sistemi və əsəb xəstəlikləri aşkarlanmışdır. Xəstəliyi aşkarlanan şəxslər ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülərək onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Belə ki, qeyd olunan müddət ərzində 691 nəfər stasionar, 5961 nəfər isə ambulator müalicəyə cəlb edilmişdır. Eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərə və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədi ilə komissiya tərəfindən ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Həyata keçirilən bütün işlər Rayon İcra Hakimiyyətində yaradılmış komissiya tərəfindən koordinasiya olunur və keçirilən tibbi müayinələrin yekunu gündəlik olaraq nəzarətdə saxlanılırdı.