Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfrans keçirildi

19 may 2015 | 19:00

2015-ci il may ayının 20-də Sabunçu qəsəbəsində yerləşən 311 saylı orta məktəbdə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun və 311 saylı tam orta məktəbin birgə hazırladığı “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə 311 saylı məktəbin direktoru Esmira Muradova açaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirdi və “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin əhəmiyyətindən, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanımasında böyük rol oynadığını qeyd etdi.

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə təşkilat komitəsinin sədri Araz Şamil və 311 saylı məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli öz çıxışlarında hazırki dövrdə xaricdən xüsusi sifarişlə xalqımızın görkəmli tarixi şəxsiyyətlərini gözdən salmaq üçün kompaniyaların davam etdiyi bir dövrdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun təşəbbüsü ilə belə bir layihənin həyata keçirilməsinə başlanılmasının böyük əhəmiyyət daşıdığını qeyd etdilər.

Konfransda A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dos. Tofiq Nəcəfli “Qacarların Azərbaycanın siyasi həyatında rolu” adlı məruzəsində Qacarların mənşəyinə aydınlıq gətirdi və XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində Qacarların mühüm rol oynadığını qeyd etdi. O, bu tayfadan görkəmli sərkərdələrin, diplomatların və dövlət xadimlərinin çıxdığını xüsusi olaraq vurğuladı.

Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Vidadi Umudlu “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar” adlı məruzəsində Ağa Məhəmməd şah Qacarın keçdiyi siyasi həyat yolundan, öz dövlətini yaratmaq üçün apardığı əzmkar mübarizə barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Ağa Məhəmməd şah Qacar xalqımızın XVIII əsrdə yetişdirdiyi ən görkəmli dövlət xadimlərindən biridir. O, nəinki Azərbaycanda, eləcə də dünya tarixində öz yeri olan tarixi şəxsiyyətlərimizdən biridir.

Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov “Azərbaycanın görkəmli sərkərdəsi Abbas Mirzə Qacar”adlı məruzəsində Abbas Mirzənin keçdiyi həyat yolu, Qacar ordusunu Avropa qaydasında təşkili və Rusiya-Qacar müharibəsində dövrünün tanınmış Azərbaycan sərkərdəsi kimi göstərdiyi hərbi rəşadətlə bağlı konfrans iştirakçılarına məlumat verdi.

Təhsil Problemləri İnstitunun şöbə müdiri, p.ü.e.d., prof. İntiqam Cəbrayılov, t.ü.f.d. Dilavər Əzimli, f.ü.f.d. Faiq Ələkbərov, kiçik elmi işçi Nazim Xəlilov, tarix müəllimi Dövran Abuzərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova həyata keçirilən layihənin əhəmiyyətindən və konfransda qoyulan mövzunun çox aktual olduğunu qeyd etdilər.

Konfransda edilən məruzələr şagirdlər və konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və məruzəçilərə ünvanlanmış suallara aydınlıq gətirildi.

Keçidlər