12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür
11 dekabr 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının binasında Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş video çarx nümayiş olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Milli Məclisin deputatı Qalib Salahov, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, “Neftqazmaş” ASC-nin sədri Vahid Hacıyev və Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən bəhs etdilər. Mehriban Abasquliyeva çıxışında dedi: “Biz Heydər Əliyevin bütöv bir şəxsiyyət kimi ucalığını hər zaman özümüzün həyat amalımız hesab edirik. Möhtərəm Ulu Öndər haqqında ən gözəl söz, ən müqəddəs fikir, ən həzin xatirə, ən yadda qalan an belə onun böyüklüyünü, mənən ucalığını, şəxsiyyət kimi bütövlüyünü, ictimai-siyasi xadim kimi tamlığını, vətəndaş kimi vətənpərvərliyini olduğu qədər əks etdirməkdə acizdir... Məhz belə olduğuna görə Heydər Əliyev həmişə xalqın yanında, haqqın yolunda idi. Bəli, tarixin sınaqları göstərdi ki, Heydər Əliyev Milli lider, müstəqilliyimizin əbədi təminatçısı və dövlətçiliyimizin memarıdır. Ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqa xidmət etmək onun həyat idealı idi. Bunu da zərgər dəqiqliyi ilə yenə əbədiyaşar və bəşərivarlıq olan Heydər Əliyev özü göstərirdi.
Qəbul olunmuş bəşər qanunlarına görə tarixi şəxsiyyətlər yaradır, insanları tarix yaşadır və hökmü tarix verir. Heydər Əliyev Azərbycanın milli müstəqillik, milli azadlıq, milli dövlətçilik tarixini yaradan şəxsiyyətdir. Artıq xalq və böyük rəhbərin monolit birliyi tarixin təntənəsinə çevrilib. Onun düşüncələri xalqımız üçün nurlu yol ideyaları, işıqlı sabahlarıdır”.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yekun sözü ilə çıxış edərək dedi: “Siyasi uzaqgörənlik, qətiyyətlilik, tarixi prosesləri hərtərfli təhliletmə bacarığı ilə yanaşı onun fəaliyyətinin əsas qayəsini vətənə sonsuz məhəbbət, dövlətimizə sədaqət kimi müsbət keyfiyyətlər təşkil edirdi. Heydər Əliyev haqqında keçmiş kimi danışmaq olmaz, O bizim həm müasirimiz, həm də gələcəyimizdir. Sözün bütün mənalarında Heydər Əliyev böyüklüyü, ideyalarının bəşəriliyi və siyasi kursunun davamlılığı ilə birlikdə bizi heç zaman tərk etməyəcək. O, haqqı-nahaqqa qurban verməyən ədalət simvoludur”.
Bununla da tədbir yekunlaşdı.