Sabunçu rayonunda “Beynəlxalq Ailə Bayramı” Müharibə və Əmək Əlilləri üçün Pansionatda qeyd edildi
15 may 2015-ci il tarixində “Beynəlxalq Ailə Bayramı” ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda tədbir keçirildi.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində xidməti idarənin sektor müdiri iştirak etdilər. İlk öncə iştirakçılar pansionatın həyətində ahılların asudə vaxtlarında hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirtdilər.
Sonra Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Qətibə Əsədova qonaqları salamladı və “Ailə Bayramı”nı pansionatın sakinləri ilə keçirtdikləri üçün dərin minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, dünya miqyasında bütün insanların diqqətinin ailə problemlərinin həllinə yönəldiyi “Beynəlxalq Ailə Günü” 1994-cü ildən başlayaraq Azərbaycanda qeyd olunur. Bu günün Müharibə və Əmək Əlilləri üçün Pansionatında keçirilməsinə əsas məqsəd kimsəsiz və ailə qayğısından kənarda qalan yaşlı insanlara tənha olmadıqları hiss etdirmək və dövlətin onlara daim dəstək olduqlarını çatdırmaqdan ibarətdir.
Tədbir mədəni proqramla davam etdirildi. Sonda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev pansionatın əsas korpusunda aparılan təmir işləri ilə tanış oldu.