Sabunçu rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirildi
Təhsil Nazirliyinin müvafiq əmri ilə 29-30 may 2015-ci il tarixlərdə bütün respublikada olduğu kimi Sabunçu rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirildi. Sabunçu rayonunda fəaliyyət göstərən 46 tam orta məktəbdə 3357 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 50433 nəfər şagird təhsil alır ki, bu il onların 2264 nəfəri məzun olur.
May ayının 30-da Bakıxanov qəsəbəsindəki Respublika Olimpiya İdman Liseyində keçirilən “Son zəng” tədbirində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, liseyin müəllim-şagird kollektivi və valideynlər iştirak etdilər.
Qonaqlar liseyin idman meydançasında şagirdlərin güləş, cüdo və digər idman növləri üzrə nümunəvi çıxışları izlədikdən sonra ilk olaraq tədbirə Azərbaycan bayrağı gətirildi və Dövlət himni səsləndirildi. Liseyin direktoru Rasim Muradov məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib. O qeyd edib ki, bu məktəb tədris istiqaməti üzrə Azərbaycandakı digər ümumtəhsil müəssisələrindən fərqlənir. Məktəbin 1964-cü ildən fəaliyyət göstərdiyini bildirən direktor belə bir tədris ocağının yaradılmasında məqsədin yeniyetmə yaşlarından uşaqları peşəkar idmana hazırlamaqdır. "Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycanın çoxlu sayda Olimpiya, dünya, Avropa çempionu adını qazanmış idmançıları bu məktəbin yetirmələri olub. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbdə təhsil alıblar", - deyən direktor məktəbin builki məzunları arasından da Azərbaycan bayrağını ucalara qaldıracaq idmançıların yetişəcəyinə inandığını vurğulayıb.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov öz çıxışında məzunları və valideynləri təbrik edərək, məktəbi bitirən şagirdlərə arzu və istəklərini çatdırdı və bildirdi ki, dünyada ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin idman sahəsində böyük nüfuza malik olmasının göstəricisidir.
Sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayaraq, bu gözəl gün münasibəti ilə təbrik etdi. Adil Vəliyev Azərbaycanda idmana olan qayğı və diqqətdən danışaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə idmanın inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd etdi.
Tədbir bədii hissə ilə davam etdi. Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədrisdə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar və hədiyyələr təqdim olunub.