Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar tədbir keçirildi

09 iyul 2015 | 19:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 yanvar 2015-ci il tarixində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
Strategiyanın hədəf qrupları ümumtəhsil məktəblərinin yuxarı siniflərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri; orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri; gənc alimlər; xaricdə təhsil alan və işləyən gənclər; hərbi xidmətdə olan gənclər; gənc sahibkar və fermerlər; istehsal və xidmət sahələrində çalışan gənclər; dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclər; yaradıcı və istedadlı gənclər; gənc idmançılar; siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər; işsiz gənclər; ailəli gənclər; aztəminatlı ailələrdən olan gənclər; qaçqın və məcburi köçkün gənclər;. sağlamlıq imkanları məhdud və əlil olan gənclər; narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclər təşkil edir. Sabunçu rayon İcra Hakimiyyəti “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın bəndlərini özündə əhatə edən “Gənclərə dəstək” adlı layihənin həyata keçirilməsini nəzərdə tutmuşdur. Belə ki, “Gənclərə dəstək” layihəsi rayon gənclərinin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək məqsədini daşıyır.
10 iyul 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı və Biznes Management Group İnternational şirkətinin birgə təşkilatçılığı ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Sabunçu rayonunun gəncləri üçün İngilis dili üzrə ödənişsiz əsasda təlimlərin başlanması ilə bağlı tədbir keçirildi.
YAP Sabunçu rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Biznes Management Group İnternational şirkətinin nümayəndəsi Sənan Həsənov, təlimçilər və gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Azərbaycan dövləti tərəfindən gənclərlə bağlı həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan danışıb. Vurğulandı ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin ifadəsidir. A.Məmmədova bildirdi ki, Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı və Biznes Management Group İnternational şirkəti tərəfindən təşkil edilən bu təlimlərin keçirilməsi rayon gənclərinin ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədini daşıyır və gələcəkdə “Gənclərə dəstək” layihəsi çərçivəsində bir sıra təlimlərin təşkili nəzərdə tutulmuşdur. Sonra tədbirdə Biznes Management Group İnternational şirkətinin nümayəndəsi Sənan Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov və gənclər çıxış edərək həyata keçiriləcək təlimlərin əhəmiyyətindən söz açdılar. Təlimlərin 6 ay müddətində hər həftənin bazar günü saat 11.00-15.00-dək YAP Sabunçu rayon təşkilatının inzibati binasında keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər