Sabunçu rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
28 iyul 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident giriş nitqilə çıxış edərək ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış və qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir. Adil Vəlyev qeyd etdi ki, hesabat dövründə bütün respublikada olduğu kimi Sabunçu rayonununda da sosial-iqtisadi sahələrində dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov rayonunun 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi göstəriciləri də müsbət olmuş, Dövlət Proqramları çərçivəsində və müxtəlif maliyyə mənbələri hesabına yeni infrastruktur layihələrin həyata keçirilməsi, daxili yolların inşası, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması, mənzil fondunun saxlanılması, sosial əhəmiyyətli obyektlərin tikintisi, yaşayış məntəqələri və küçələrin abadlaşdırılması üzrə xeyli işlər görülmüşdür.
Hesabat dövrü ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 115,0 mln manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 6,5% artaraq 66,4 mln manat təşkil etmiş, bunlardan 62,8 mln manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
2015-ci ilin yanvar-iyun ayları ərzində rayonun ticarət şəbəkələrindən əhaliyə satılmış malların həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 325,2 mln manat olmuş, pullu xidmətlərin həcmi isə 4,2% artaraq 124,2 mln manat təşkil etmişdir.
Rayonda məşğul əhalinin sayı 29821 nəfər olmuşdur, bunlardan 8077 nəfəri sənaye sahəsində çalışanlardır. Bu müddət ərzində 1028 yeni iş yeri açılmışdır.
Hesabat dövrü ərzində bir işçiyə hesablanmış orta əmək haqqı 413,7 manat, sənaye sahələrində çalışanların əmək haqqı 542, 9 manat təşkil etmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Dövlət Proqramının icrasına başlanılmışdır. Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikilməsi, yolların salınması, əhalinin elektrik enerjisi, su, kanalizasiya, qaz və istiliklə təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
01.07.2015-ci il tarixinə olan məlumata görə 3 bənd üzrə işlər artıq tamamlanmış, 20 bənd üzrə işlər davam etdirilir, qalan bəndlərin icrası üçün isə hazırlıq işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin inzitabi binalarında tikinti işləri başa çatdırılmaq üzrədir. Sabunçu qəsəbəsi, Şəhər şosesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır, bina bu yaxın vaxtlarda istifadəyə veriləcək.
Hal-hazırda, Bakıxanov qəsəbəsində ümumi sahəsi 2,8 ha olan “Heydər Əliyev” adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri və həmin ərazidə 3 mərtəbəli H.Əliyev Mərkəzinin inşası, Nardaran qəsəbəsində Muğam mərkəzinin, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin 350 yerlik yeni binasının, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı Şəhər İqtisad Məhkəmələri üçün inzibati binaların tikintisi, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölmələrinin və həmin qəsəbədə yeni körpünün tikintisi, eləcə də rayonun 67, 68, 75, 78, 148, 170, 305, 311 saylı məktəblərində, 9, 105, 226, 282 saylı uşaq bağçası-körpələr evlərində təmir və tikinti işləri davam etdirilir.
I Avropa Oyunlarının açılış və bağlanma mərasimlərinin həm də bir çox digər idman yarışlarının Sabunçu rayonu ərazisində keçirilməsi ilə əlaqədar ərazidə böyük həcmdə abadlıq, quruculuq işləri aparılmışdır.
“Böyük-Şor” adlandırılan sahədə I Avropa Oyunlarının əsas arenası olan 68 min tutumlu stadionun tikintisi ilə bağlı stadionun ərtafındakı gölün xeyli hissəsi qurudulmuş, qalan hissəsi isə təmizlənərək burada müasir tələblərə cavab verən uzunluğu 2,5 km-ə yaxın Bulvar və ərazisi 300 ha olan istirahət parkı salınmışdır.
Cari ilin yanvar-fevral aylarında Beynəlxalq Hava Limanına gedən yolun Sabunçu qəsəbəsindən keçən hissəsində A.Əsədullayev küçəsində 55, Bakıxanov qəsəbəsinin B.Bünyadov küçəsində isə 38 ədəd plansız inşa edilmiş evlərin sakinlərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə sökülərək yerində geniş abadlıq işləri aparılmış, 30 min kv.m sahəyə yaşıl örtük (qazon) salınmışdır. Qəsəbənin Heydər Əliyev prospekti istiqamətində A.Əsədullayev küçəsi boyu yolların kənarına daşdan hasar çəkilmiş və müasir memarlıq üslubunda üzlənmişdir. Həmin ərazilərdə torpaq aqrotexniki qaydada işlənmiş, burada həmişəyaşıl ağaclar əkilmiş və yaşıllıq zolaqları salınmışdır.
Bakıxanov qəsəbəsinin Y.Əliyev, X.Xasməmmədov, N.İsmayılov, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binasının fasadları müasir tələblərə cavab verən memarlıq üslubunda üzlənmiş, dam örtükləri dəyişdirilmiş, ətrafda abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılmışdır.
Binəqədi rayonunda baş vermiş məlum hadisədən sonra Bakıxanov və Sabunçu qəsəbələrində 23 binanın fasadlarına çəkilmiş polimer materiallar qısa bir müddət ərzində sökülərək əvvəlki görkəminə gətirilmişdir. Hal-hazırda həmin binalarda əlaqədar təşkilatların rəyi və təsdiq olunmuş layihə əsasında təmir-bərpa işləri aparılır. Artıq bu binalardan 5-də işlər başa çatdırılmışdır.
Bakıxanov qəsəbəsi, Ş.Kamilov 5,7,9,11, məhəllə 4090/94 ev 4, 6 ünvanlarında 2 nümunəvi həyət salınaraq sakinlərin istifadəsinə verilmişdir.
Qəsəbənin M.Əmirov küçəsi 32, 38 saylı ünvanlarında isə belə bir nümunəvi həyətin salınmasına və eləcə də, S.Cabbarov küçəsi 4, M.Fətəliyv küçəsi 68, 70 saylı binaların həyətlərində 2 mərtəbəli mərasim evinin tikintisi başa çatdırılmış, Sülh küçəsi 1 və R.Qəmbərov küçəsi 26, 28 saylı evlərin həyətində yeni mərasim evinin tikintisinə başlanılmışdır.
Rayonun Bakıxanov, Sabunçu və digər qəsəbələrində cari ilin əvvəlindən mərkəzi və daxili yollara cəmi 53 min kv.m asfalt örtüyü salınmış ətraf sahələr abadlaşdırılaraq işıqlandırma sistemləri quraşdırılmışdır.
Mərkəzi yolların kənarlarında və yaşayış massivlərində on minlərlə həmişəyaşıl ağaclar, kollar əkilmiş, çəmənliklər yaradılmışdır.
Cari ilin əvvəlindən elektrik enerjisi, qaz, su, istilik təchizatı və kanalizasiya şəbəkələrində, eləcə də mənzil fondunun növbəti payız-qış mövsümünə hazırlığı üzrə xeyli işlər görülmüşdür və ilin sonuna kimi bu işlər davam etdirilməli, mövcud problemlər aradan qaldırılmalıdır. Həmin sahələrdəki vəziyyət növbəti müşavirələrdə geniş müzakirə olunacaq. Ona görə də bu məsələlər üzərində geniş danışmaq istəmirəm.
İlin əvvəllərindən sanitar-təmizlik işlərinin aparılması, məişət tullantılarının daşınması, eləcə də, mərkəzi küçə və yolların abadlaşdırılması, yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Bu işlərin daha intensiv və keyfiyyətlə aparılmasında Kommunal Təsərrüfat İdarəsinin yeni texnika ilə təchizatının da rolu olmuşdur.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi qəsəbələrin məsələn: Zabrat, Maştağa, Ramana, Nardaran, Kürdəxanı, Pirşağı və sair yeni yaşayış massivlərində hələ də lazımi miqdarda sanitar–təmizlik meydançaları tikilməmiş, yol kənarlarına konteynerlər qoyulmamışdır ki, bu da sakinlərin haqlı narazılığına və Rayon İcra Hakimiyyətinə tez-tez şikayət və müraciətlərinə səbəb olmuşdur.
Maştağa qəsəbəsinin “Albalılıq” , “Savalan” yaşayış massivləri, Axund Mirzə Əbdülkərim, M.Nizami küçələri, Ramana qəsəbəsinin 9-cu Mədən küçəsi, 2-ci yaşayış massivi, “Şuşa” şəhərciyinə gedən yolun ətrafı, Südçülük sovxozu kanal kənarı ərazi, Pirşağı qəsəbəsinin Yeni yaşayış sahəsi və 3-cü bağ massivi, S.Hüseyn, A.Əlizadə, Nizami küçələri, Sabunçu qəsəbəsinin Ə.Məmmədəliyev, S.Əfəndiyev, E.Mehdiyev küçələrində zibil qutularının qoyulmasına böyük ehtiyac vardır.
Hələ də bəzi yerlərdə qəsəbə nümayəndəlikləri, bələdiyyələr, KTİ və MKİS-lərin rəhbərləri xidməti ərazilərində sanitar–təmizlik işlərinin lazımi səviyyədə aparılmasına nail ola bilməmişlər.
Cari ilin əvvəllərindən rayonun mərkəzi küçələri və məhəllədaxili ərazilərində abadlıq, səliqə-səhman işləri ilə yanaşı qanunsuz küçə ticarətinin və ət kəsilib-satılmasının qarşısının alınması üzrə də müvafiq tədbirlər həyata keçirilmişdir.
Lakin əraziyə baxış keçirilərkən Bakıxanov, Sabunçu, Maştağa, Bilgəh, Pirşağı, Kürdəxanı qəsəbələrinin ərazilərində hələ də antisanitariya şəraitində ət kəsilib əhaliyə satılmasına yol verildiyi aşkar edilmişdir.
Rayon İcra Hakimiyyəti 2015-ci ilin birinci yarısında öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
2015-ci ilin 6 ayı ərzində İcra Hakimiyyəti aparatına 2315 ərizə, 1190 məktub və xidməti sənəd daxil olmuşdur. İcra Hakimiyyəti başçısı tərəfindən icra hakimiyyətində 111 nəfər qəbul edilmiş, keçirilmiş 12 səyyari görüşlərdə isə 83 nəfər iştirak etmiş və bu görüşlərdə 92 məsələ qaldırılmışdır. Qəbul və görüşlərdə qaldırılan məsələlərə yerində baxılaraq vətəndaşlara müvafiq köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş bu və digər müraciətlər əsasında cari ilin əvvəlindən vətəndaşlara ümumilikdə 112 min manata yaxın maddi yardım göstərilmişdir.
Bundan başqa əvvəlki illərdə olduğu kimi “20 Yanvar Ümumxalq hüzn günü”, “Xocalı soyqırımı günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, “Gül Bayramı”, “9 May Qələbə Günü” və s. əlamətdar günlər münasibətilə rayonda silsilə tədbirlər keçirilmişdir.
Məruzə ətrafında Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin rəisi Oruc Əhmədov çıxış etdilər. Sonra Şura iclasının qərar layihəsi oxunmuşdur.
İclasın sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Sabunçu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Müslim Mahmudovu təbrik edərək, medalı ona təqdim etdi.