Sabunçu rayonunda "1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan dili günü" qeyd edildi
01 avqust 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan Əlifbası və Azərbaycan dili" günü münasibətilə Maştağa qəsəbəsi Heydər Əliyev adına parkda tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin son zamanlar çap olunmuş bir sıra lüğət, ensiklopediya, klassik əsərlərdən ibarət kitab sərgisi ilə tanış oldular.
Tədbiri aparıcı açıq elan edərək qonaqları salamladı. Bu günün önəmindən və dilimizin tarixindən tədbir iştirakçılarına məlumat verildi. Bildirdi ki, 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçilməsi ilə bağlı fərman imzalayıb.Elə həmin il avqustun 9-da imzaladığı digər fərmana görə isə avqustun 1-i ölkədə Azərbaycan Əlifbası və Dili Günü elan edilib. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
H.A.Abbasov adına Mədəniyyət evinin Xalq çalğı alətləri ansamblının ifasında mahnılar, bədii qiraət dərnəyinin üzvlərinin kompozisiyaları, "Karat" rəqs qrupunun çıxışları, meyxana birliyinin çıxışları, Kürdəxanı qəsəbə Mədəniyyət evinin "Ümid" rəqs qrupunun çıxışları, Sabunçu rayon MKS-nin fəal oxuclarının kompozisiyaları tədbirdə iştirak edən qonaqlar və qəsəbə sakinləri tərəfindən alqışlarla qarşılandı.
Sonda tədbir iştirakçıları arasında viktorina təşkil olundu və qaliblər mükafatlandırıldı.