Sabunçu rayonunda “Sülh aylığı” çərçivəsində tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” bəndinə əsasən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində respublikamızda “Sülh aylığı” keçirilir.
Sabunçu rayonunda “Sülh aylığı” çərçivəsində 07 sentyabr 2015 –ci il tarixində rayonun Bakıxanov qəsəbəsindəki 198 saylı körpələr evi – uşaq bağçasında “Biz sülh istəyirik” adı altında tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayaraq, uşaqların sülh mövzusunda hazırladıqları səhnəciklər, mahnı və şeir kompozisiyaları, rəngarəng rəqsləri ilə davam etdi.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov Rayon İcra Hakimiyyəti adından “Sülh” günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi uşaq və gənclərin sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. M.Əsədov tədbirin hazırlanmasında müəssisənin rəhbərliyinə, müəllim və uşaq kollektivinə təşəkkürünü bildirdi.