Sabunçu rayonunda 2014-2015-ci tədris ilinin yekunlarına həsr olunmuş Təhsil Konfransı keçirildi
12 sentyabr 2015–ci il tarixdə Sabunçu rayon Gənclər Evində 2014-2015-ci dərs ilinin yekunlarına dair təhsil konfransı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, təhsil işçiləri, ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Tədbiri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev giriş sözü ilə açaraq ilk öncə iştirakçıları Yeni Dərs ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi. A.Vəliyev bildirdi ki, respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublika Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycanın yeni inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəfləri müəyyən edir. Aparılan islahatlar təkcə bunula məhdudlaşmır. Respublikamızda yeni-yeni təhsil ocaqlarının inşa olunması, əsaslı təmiri, eləcə də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata keçirilən tədbirlər də bu islahatların tərkib hissəsidir. Adil Vəliyev təhsil sahəsində rayonda son illər görülmüş işləri yüksək qiymətləndirərək bunun builki ali məktəblərə qəbulda da özünü büruzə verdiyini qeyd etdi.
Sabunçu RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Məmmədova “Sabunçu rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin müvavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Sabunçu rayonunun 7 təhsil müəssisəsində hal hazırda əlavə korpus, idman, akt zalı, laboratoriya, kitabxana və yeməkxananın tikintisi davam etdirilir. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam оrта məktəbin qəzalı vəziyyətdə olan köhnə korpusunun sökülərək yerində 528 şagird yerlik tədris korpusu, idman zalı, yeməkxana və kitabxananın tikintisi başa çataraq “Bilik Günü” ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məktəb yeni avadanlıq və informasiya texnologiyaları ilə təmin olunmuşdur.
2014-2015-ci tədris ilində Sabunçu rayonunun 2441 nəfər məzunu XI sinfi müvəffəqiyyətlə bitirərək attestat almışlar. Məzunlardan 2005 nəfər və ya 82 faizi sənədlərini ali məktəblərə daxil olmaq üçün təqdim etmişdir. Onlardan 1194 nəfəri yəni 59 faizi sınaqdan uğurla çıxmış və tələbə adı qazanaraq respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Qəbul olunanların 169 nəfəri 500, 67 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
96 nömrəli tam orta məktəbin məzunu Əliyeva Ayçin Rauf qızı 691 bal toplayaraq, rayonun ən yüksək nəticəsini əldə etmiş və Azərbaycan Tibb Universitetin Müalicə İşi fakültəsinə daxil olmuşdur. Rayonun məktəbləri üzrə aparılmış təhlillər göstərir ki, bu sahədə ən yüksək göstəricilər Bakıxanov qəsəbəsində yerləşən 72 nömrəli tam orta məktəb-liseydə olmuşdur (belə ki, 61 nəfər məzunun 55 nəfəri və ya 90,16 faizi qəbul olunmuş, onlardan 16 nəfəri 500-dən yuxarı, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır), həmçinin Pirşağı qəsəbəsi 112 nömrəli tam orta məktəb və Bakıxanov qəsəbəsi 107 nömrəli tam orta məktəb (90.00%), Bakıxanov qəsəbəsi 252 nömrəli tam orta məktəb-lisey (80,00 %), 94 nömrəli tam orta məktəb (78,97%) və Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəb (76,92 %) olmuşdur.
Ötən tədris ilində rayonun məktəbləri Şəhər və Respublika üzrə keçirilmiş müxtəlif Olimpiadalarda da fəal iştirak edərək layiqli yerlər qazanmış və diplomlarla təltif olunmuşlar. Respublika məktəbləri arasında təşkil edilmiş olimpiadalarda, rayonumuzun 67, 68, 72, 96, 128, 311 nömrəli məktəblərinin 9 nəfər şagirdi fərqlənərək Təhsil Nazirliyi tərəfindən qaliblər sırasına layiq görülmüşdür.
Konfransda mövzu ətrafında Milli Məclisin deputatı Eldar Quliyev, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Rayon üzrə ən yüksək (691) bal toplayan abituriyent, Prezident təqaüdçüsü Əliyeva Ayçin Rauf qızı və Bakıxanov qəsəbəsində yerləşən 72 nömrəli tam orta məktəb-liseyin direktoru Polad Əjdərov çıxış edərək bildirdilər ki, məzunların qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbulu, dünyanın xarici dövlətlərinin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaları elə Azərbaycanda təhsilə dövlət qayğısının, eləcə də yaradılan şəraitin məntiqi nəticəsidir.
Sonda təqaüdə yola salınmış və yeni təyin olunmuş direktorlara, həmçinin ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edildi.