Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Elxan Mirzəyevin 60 illik yubileyi qeyd olundu

29 sentyabr 2015 | 19:00

29 sentyabr 2015-ci il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyevin 60 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Respublika Veteranlar təşkilatının nümayəndələri, Daxili Qoşunların Ali Hərbi Məktəbinin müəllim və tələbə heyəti, rayonun məktəbliləri iştirak ediblər.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yubilyarı ilk təbrik edən Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Elxan Mirzəyevi 60 illik yubileyi münasibətilə ona can sağlığı və həyatında uğurlar arzu edib. Adil Vəliyev ölkəmizdə veteranların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışaraq ölkə Prezidenti cənab İlham Əliyevə veteranlar adından təşəkkür edib. O bildirib ki, ölkənin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da veteranlara xüsusi hörmət var: “Bu gün Elxan Mirzəyevin simasında onu deyə bilərik ki, veteranlar öz dünyagörüşləri, təcrübələri ilə gənc nəslə bir örnəkdirlər. Yubilyar dəfələrlə öz görüşlərində, gənclərlə keçirilən tədbirlərdə hər zaman Azərbaycanın əsgəri olduğunu unutmadığını söyləyir. Fikrimcə bu ifadə hər bir gənc oğul və qızlarımıza örnək olmalıdır”.
Tədbirdə çıxış edən Daxili Qoşunların Ali Hərbi Məktəbinin müəllimi Səfxan Bayramov Elxan Xəzərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, vətənin hər zaman keşiyində durmağı özünün amalı seçən Elxan Mirzəyev daim rayon ağsaqqalları, veteranlarının problemləri ilə maraqlanır, onlara diqqət və qayğısını əsirgəmir.
Respublika Veteranlar Təşkilatının nümayəndəsi ehtiyatda olan polkovnik Həsən Əmirov və digərləri çıxış edərək bildiriblər ki, XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub: “Bu müharibə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut edib. Belə cəsarətli insanlardan biri də Elxan Mirzəyev olub. Onun şerlərində müharibənin ağrı-acıları, vətən sevgisi, ana məhəbbəti öz əksini tapıb. Bu şerləri oxumaqla gənclərimiz özlərinə həyat dərsi götürə bilərlər. Bu qədər ağrıya, acıya baxmayaraq, belə bir çətin yol qət etməyimizə baxmayaraq bu gün də Ali Baş Komandan müharibə əmri versə, biz hazır olarıq. Bizlər qüdrətli Azərbaycanın igid oğullarıyıq”.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii hissə ilə davam etdirilib. Sonda yubilyara Sabunçu  Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə və diplom təqdim edilmişdir.

Keçidlər