“27 Sentyabr – Anım Günü” ilə əlaqədar “Milli-mənəvi dəyərlər və Vətən sevgisi” mövzusunda tədbir keçirildi
24 sentyabr 2026 | 11:54
24.09.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin iştirakı ilə Sosial-İqtisadi Kollecdə “27 Sentyabr – Anım Günü” ilə əlaqədar “Milli-mənəvi dəyərlər və Vətən sevgisi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, professor Mübariz Hacıbəyov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, Bakı regional bölməsinin aparıcı mütəxəssisi Rəşadət Hidayətov, Azərbaycan Respublikası Şəhid Ailələri və Qarabağ Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin rəhbəri Çingiz Tağıyev, kollecin müəllim və tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, professor Mübariz Hacıbəyov 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında mühüm və xüsusi yer tutduğunu qeyd etmişdir. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqdan bəhs etmişdir. Direktor bildirmişdir ki, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, onların şərəfli döyüş yolunun gənc nəslə çatdırılması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması hər birimizin mənəvi borcudur.
Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxışında milli-mənəvi dəyərlərimizin xalqımızın milli kimliyinin əsasını təşkil etdiyini qeyd etmişdir. O, Vətən sevgisinin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirmiş və tələbələrin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğulamışdır. Ədalət Teymurov bildirmişdir ki, Vətən sevgisi yalnız doğma torpağa bağlılıq hissi deyil, eyni zamanda milli tarixə, dövlətçilik ənənələrinə, xalqın mədəni və mənəvi irsinə hörmətlə yanaşmaq, cəmiyyət qarşısında vətəndaşlıq məsuliyyətini dərk etməkdir. O, gənc nəslin bu dəyərlər əsasında formalaşmasının dövlətçilik ənənələrinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Digər çıxış edənlər – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, Bakı regional bölməsinin aparıcı mütəxəssisi Rəşadət Hidayətov, kollecin “İctimai fənlər” FBK-nın sədri Səadət Mərdanova, kollecin məzunu, Vətən müharibəsi iştirakçısı Əlizamin Talıbzadə və kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Bəşir Əliyev Azərbaycan xalqının Vətən müharibəsi zamanı nümayiş etdirdiyi birlik, həmrəylik və yüksək vətənpərvərlik ruhundan, gənclərin ölkəmizin şanlı tarixini, şəhidlərimizin həyat və döyüş yolunu öyrənməsinin, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişməsinin mühüm əhəmiyyətindən bəhs etmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulamışlar.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən Vətənə, Azərbaycan Ordusuna və qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, səhnəcik nümayiş etdirilmişdir. Həmçinin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanlarımızın şərəfli döyüş yolunu, şəhidlərimizin əziz xatirəsini, xalqımızın milli birliyini və Vətənə bağlılığını özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.

















