Sabunçu rayonunda “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirildi
28 fevral 2024 | 15:07
28.02.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində yetkinlik yaşına çatmayan, ailə-məişət problemləri yaşayan və təhsildən yayınan uşaqlarla bağlı “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, sosial işçi Günel Əfəndiyeva, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyaların məsul katibi Ruhəngiz Əliyeva, məsləhətçi-psixoloqu Ramilə Quliyeva, Sabunçu rayon bələdiyyələrində fəaliyyət göstərən “Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiya”ların sədrləri və məktəb psixoloqları iştirak edirdilər.
Dəyirmi masada çıxış edənlər ailə-məişət problemləri yaşayan və təhsildən yayınan uşaqların potensial insan alverinin qurbanları olması, ailədə baş verən məişət problemlərinin uşaqların psixologiyasına ciddi zərbə vurması və cəmiyyətin bu kimi hallara qarşı göstərdiyi loyal münasibətdən söz açdılar və bu kimi halların insan alverçilərinə münbit şərait yaratdığını qeyd etdilər.
Çıxış edən nümayəndələr mövcud qanunvericilik çərçivəsində bu kimi halların qarşısının alınması üçün aidiyyəti qurumların, cəmiyyətin, ictimai fəalların, ailələrin birgə fəaliyyət göstərməsinin vacib olduğunu bildirərək qarşılıqlı fikir mübadilələrinin aparılması, maarifləndirici tədbirlərin, sosial layihələrin, kütləvi informasiya vasitələrində bu istiqamətdə görülməsi vacib olan məsələlərin əhəmiyyətini xüsusi vurğuladılar.