Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirildi
Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin(Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Respublikanın bütün regionlarında olduğu kimi Sabunçu rayonunda da “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilmişdir. 6 noyabr 2015-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirşağı qəsəbəsində yerləşən 10 saylı sanatoriya tipli internat məktəbində və Pirşağı istirahət bazasında yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbdə keçirilən maarifləndirici tədbirlərdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev, Sabuncu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, uşaqlarla iş üzrə məsləhətçi- psixoloqu Ramilə Quliyeva, İctimai-siyasi hümanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Səkinə Həsənova və Məhəmməd Əsədov, Ombudsman aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Faiq Ağayev, Protokol sektorunun müdiri Yeganə Cəfərova, Sabunçu rayon Qızıl Aypara Cəmiyyətinin sədri Elmira Məlikova,“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, məktəblərin şagird və müəllim kollektivləri iştirak etmişlər.Tədbirlərdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev çıxış edərək, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını, Müvəkkilin təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı”nın da bu baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir.Ombudsman aparatının Protokol sektorunun müdiri Yeganə Cəfərova öz çıxışında Müvəkkil tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyənatların qəbul edildiyi və beynəlxalq təşkilatlara ünvanlandığı, həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik!Bizə qoşulun” devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qacqın və məcburi köçkün uşaqlarının imzaları toplanaraq, BMT-nin Baş Katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərildiyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında səslənən şeir-mahnı kompozisiyaları qonaqlar tərəfindən böyük maraqla qarşılandı.