Sabunçu rayonunda “Hər bir Azərbaycan vətəndaşının qanunun tələblərinə əməl etməsi mütləqdir” adlı tədbir keçirildi
5 dekabr 2015-ci il tarixdə Sabunçu Rayon Gənclər Evində Nardaran hadisələri ilə bağlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Azərbaycan Respublikası Milli Məclisin deputatları Eldar Quliyev, Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Milli Təlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, din xadimləri və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslərin cəzalarını alacaqlarına inandığını qeyd edib. A.Vəliyev bildirib ki, baş verən hadisə ilə əlaqədar aidiyyəti qurumlar artıq müvafiq tədbirlər görüb: “Hər kəs bilməlidir ki, Azərbaycanda yaşayan bütün şəxslər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Qanun hər birimiz üçün eynidir. Dövlət tərəfindən hər zaman Nardaran əhalisinə qarşı xüsusi diqqət və qayğı göstərilib, vətəndaşların problemlərinin həllinə çalışılıb, kommunal xərclərinin ödənilməsində müəyyən güzəştlər edilib. Bütün bunların müqabilində silahlı qarşıdurma yaratmaq, din pərdəsi altında gizlənərək öz məkirli əməllərinə insanları alət etmək heç bir halda bağışlanan hal deyildir. Bu hadisələr cəmiyyət tərəfindən qəbul edilmir, edilə də bilməz. Dünyada baş verən proseslər fonunda ölkəmizdə bu cür təxribtalar törətmək, sözsüz ki, birbaşa dövlətə, dövlətçiliyə ziddir”. A.Vəliyev qeyd edərək son iki il ərzində Nardaran qəsəbəsində 400 min metr uzunluğunda qaz xətti çəkilib, 1820 ədəd qaz sayğacı quraşdırılıb.
Daha sonra çıxış edənlər rayon polis idarəsinin rəisi Eldar İlyasov, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Milli Məclisin deputatları Eldar Quliyev, Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayonun fəal gənci Murad Cənnətov ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycanda ayrı-ayrı millətlərin və dini konfessiyaların əmin-amanlıq içərisində yaşaması üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki tolerantlıq ənənələrini, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri yolverilməz olduğunu qeyd etdi. A. Vəliyev bildirdi ki, Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür, dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır.
Sonda mövzu ətrafında diskusiya aparılıb.