Şriftin ölçüsü :

Saytın rəngi :

27.12.2012-ci il tarixində Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

26 dekabr 2012 | 20:00

27.12.2012-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 2012-ci ilin ikinci yarısı ücün təsdiqlənlənmiş iş planına əsasən növbəti iclası keçirilmişdir.
İclasda RİH aparatının şöbə müdirləri, qəsəbə nümayəndələri, qəsəbə bələdiyyələri, məktəb direktorları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon kommunal xidmət sahələrinin rəisləri, təşkilat və müəssisələrin rəhbərləri iştirak etmişdilər.

RİH-nin başçısı cənab Adil Vəliyev Şura iştirakçılarını salamlayaraq qarşıdan gələn 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə şura iştirakçılarını təbrik etdi, işlərində uğurlar arzuladı.
RİH-nin başçısı cənab Adil Vəliyev Yeni Azərbaycan Partiyasının 600 mininci üzvü olan Rövşən İsmayılovu yığıncaq iştirakçıları adından təbrik etdi.

Cənab Adil Vəliyev rayonda aparılan abadlıq, quruculuq, qarşıda duran vəzifələr, problemlər barədə çıxış etdikdən sonra gündəlikdə duran məsələlərlə; Sabunçu rayon qəsəbə nümayəndələri və Sabunçu Rayon Mənzil Kommunal İstismar Sahələri tərəfindən rayon ərazisində aparılan sanitar-təmizlik, abadlıq işləri və rayonun sosial və yaşayış binalarının qışa hazırlığının real vəziyyəti haqqında, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda həyata keçirilmiş tədbirlərin yekunu haqqında məsələlərin müzakirə ediləcəyini bildirdi.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Sabunçu rayon qəsəbə nümayəndələri və Sabunçu Rayon Mənzil Kommunal İstismar Sahələri tərəfindən rayon ərazisində aparılan sanitar-təmizlik, abadlıq işləri, və rayonun sosial yaşayış binalarının qışa hazırlığının real vəziyyəti barədə çıxış üçün sözü RİHB-nin 1-ci müavini Qəzənfər Həsənova verdi.

“Sabunçu rayonu ərazisində yerləşən mənzil fondu və sosial obyektlərin 2012-2013-cü illər payız-qış mövsümünə hazırlığını təmin etmək üçün bütün sahələri əhatə etməklə 94 bənddən ibarət müvafiq tədbirlər planı tərtib edilərək Rayon İcra Hakimiyyəti başçısının 371 №-li 17 avqust 2012-ci il tarixli sərəncamı ilə sərəncamı təsdiq olunaraq icrasına başlanmışdır. Görülmüş işlər nəticəsində “Azəristiliktəchizat” ASC-nin rayonda cəmi 56 qazandan ibarət 28 istilik qazanxanasının demək olar ki, hamısı işlək vəziyyətdə gətirilmişdir. Həmin qazanxanalardan istilik alması nəzərdə tutulmuş binaların və sosial obyektlərin ümumi sayı 210 olsa da faktiki istiliklə təchiz olunanların sayı ötən mövsümdə 128 olmuşdursa indi bu rəqəm 163-dür və ya ötən mövsümdə 77,6 faiz təşkil etmişdirsə bu indi 83,3 faizə çatdırılmışdır. Rayonun təhsil və səhiyyə obyektlərində də qış mövsümünə hazırlıqla bağlı xeyli işlər görülmüş, rayonun demək olar ki, indiyədək bütün məktəblərində bu və ya digər formada təmir-bərpa işləri aparılmışdır. Qış mövsümünə hazırlığın gedişatı ilə bağlı keçirilmiş ötən müşavirədə bir sıra təhsil və səhiyyə obyektləri ilə qaz istismar idarəsi və digər xidmət sahələri arasındakı təsərrüfat xarakterli məsələlər öyrənilərək bu barədə həmin sahələrin rəhbərləri ilə danışılmış, yazılı müraciətlər göndərilmişdir. Heç bir halda təhsil və ya səhiyyə obyektlərinin xüsusilə qış mövsümündə istiliksiz, qazsız və ya enerjisiz qoymaq olmaz. Bunları tənzimləmək hər bir idarə və təsərrüfat rəhbərinin həm vəzifə və həm də mənəvi borcudur.

Tədbirlər planı çərçivəsində rayonunun mənzil fondunda 30 min kvadrat metrə yaxın dam örtüyündə təmir-bərpa işləri aparılmış, 250 kvadrat metr ümumi istifadə yerləri şüşələnmiş, 86 ədəd giriş qapısı, 75 pəncərə dəyişdirilmiş və ya təmir edilmiş, 450 metr su axıdıcı borular cari təmir olunmuş, 250 metr isə yenisi ilə əvəz olunmuş, 700 metrə yaxın tüstü bacaları, boruları təmir edilmiş, xeyli daxili kanalizasiya, su və elektrik xətlərində təmir-bərpa işləri aparılmışdır.
Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planının tərkib hissəsindən biri də qarlı günlərdə qəsəbələr arası və daxili yolların, körpülərin qardan təmizlənməsi, nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməkdən ibarətdir. Bununla bağlı da Rayon Kommunal Təsərrüfatı İdarəsinin sərəncamında işlək vəziyyətdə 3 ekskavator-buldozer və digər texnikalar, eləcə də lazımi qədər qum ehtiyatı var.

Son illər ölkəmizdə, eləcə də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin çirlənmədən qorunmasına ciddi fikir verilir. Bununla bağlı böyük həcmli layihələr həyata keçirilir, işlər görülür ki, bunlardan biri də dekabrın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodu və 2009-cu ilin sonlarında Şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz şəhər” ASC-nin istifadəyə verilməsidir”.
Şuranın gündəliyindəki ikinci məsələ ilə əlaqədar cənab Adil Vəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda həyata keçirilmiş tədbirlərin yekunu barədə sözü Rakif Əliyevə verdi.

“Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən yeniyetmə və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata keçirilən gənclər siyasətini tənzimləmək məqsədi ilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikası Prezidentinin 6 may 2012-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkili hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətlərini tənzimləyir.

Rayon Gənclər və İdman idarəsi il ərzində gənc nəslin təlim-tərbiyəsi, gənclərdə intellektual səviyyənin artırılması, asudə vaxtın səmərəli təşkili, gənclərdə dünyaya yeni baxışın formalaşmasına təkan verəcək tədbirlərin, dəyirmi-masa və digər bilik yarışlarının keçirilməsini təşkil edir, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən müxtəlif dəyirmi-masa və treninqlərdə rayon gənclərinin iştirakını təmin edir. Gənclərin işsizlik problemlərinin həlli məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi əmək yarmarkalarında gənclərin fəal iştirakı ilə Sabunçu rayon Gənclər və İdman İdarəsi məşğul olur.

Sabunçu rayonu Gənclər və İdman İdarəsi böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb şagirdlərinin hərbi-idman və turizm oyunlarına cəlb etmək, onları ordu sıralarında xidmətə hazırlamaq məqsədi ilə, X-XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman, VII-VIII sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyunları üzrə yarışların keçirilməsini təşkil etmişdir. “Cəsurlar” hərbi idman və turizm oyunlarının rayon mərhələsində 35 məktəb komandası olmaqla, 245 məktəbli iştirak etmişdir.

Yeniyetmə və gənclərin sağlam həyat tərzinə nail olmaq, onların idmanın müxtəlif növlərinə maraqlarını artırmaq, mənəvi əxlaqi tərbiyəsini gücləndirmək məqsədi ilə son dövrlərdə respublikamızın rəhbərliyi tərəfindən bir çox fərman və sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli 1038 saylı fərmanı ilə 2005-2015-ci illərdə “Futbolun inkişafına dair dövlət proqramı”, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması məqsədi ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2011-2015-ci illər) təsdiq edilmişdir. Rayonumuzun Bakıxanov qəsəbəsində “Regionların sosial-iqtisadi” inkişafı Dövlət Proqramına salınmış “Gənclər evi”nin tikintisinə başlanılmışdır. Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 2012-ci ilin 11 ayı ərzində Dövlət idman siyasətinin həyata keçirilməsi ilə bağlı 55 tədbir keçirilmişdir ki, ümumilikdə bu tədbirlərdə 11345 idmançı iştirak etmişdir”.

Şuranın gündəliyində duran məsələlərin müzakirəsi başa çatdıqdan sonra cənab Adil Vəliyev rayonun əlaqədar təşkilat, müəssisə rəhbərlərinə öz tövsiyyələri verərək, ölkə rəhbəri Prezident cənab İlham Əliyevin əhalinin sosial rifah halını yaxşılaşdırılması, ölkəmizin iqtisadi, siyasi cəhətdən qüdrətlənməsi, sənaye, istehsal, aqrar sahələrdə sürətli inkişafın qorunub saxlanması istiqamətində apardığı islahatlardan söz açdı.
İclasın sonunda Şuranın gündəliyində duran məsələlər barədə qərarlar müzakirə edilərək Şura üzvləri tərəfindən qərar qəbul edildi.

Sabunçu Rayonu İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev Azərbaycan Respublikası Prezidentinin ölkənin sosial-iqtisadi inkişafında apardığı islahatlardan, idman və elm-təhsil sahəsinə xüsusi diqqətinə münasibətini, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının nüfuzunun qorunub saxlanmasını, ölkələr arası münasibətlərin genişlənməsi barədə fikrini bildirdi.

Sonda Sabunçu Rayonu İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev bir daha şura iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.
 

Keçidlər