Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on ikinci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
11 dekabr 2015-ci il tarixdə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on ikinci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, dahi şəxsiyyətin mənalı ömür yolu, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək : “Heydər Əliyev elə şəxsiyyətdir ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə respublikamız böyük inkişaf yolu keçmiş, onun müdrik, uzaqgörən siyasəti sayəsində xalqımızın adı dünya xalqları arasında özünə layiqli yer tutmuşdur. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə ikinci qayıdışdan sonra Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, müstəqil dövlətçiliyin təməl daşını qoyub, möhkəm özül üzərində müstəqilliyimizə daimi və əbədi təminat yaratmışdır. Ulu öndər on iki ildir bizdən cismən ayrılsa da, onun qurub-yaratdığı dövlət yaşayır, dahi rəhbərin ideyaları həyata keçir, müstəqil Azərbaycanın şöhrəti ildən-ilə artır. Dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanda aparılan möhtəşəm quruculuq işləri, iqtisadiyyatda və siyasətdə dinamik inkişaf dahi şəxsiyyətin əvəzsiz davamçısı, parlaq istedad sahibi İlham Əliyevin səy və bacarığı sayəsində həyata keçirilir”.
Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov və Sabunçu rayonunun prokuroru Ceyhun Şirinov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğuladılar.
Sonda məktəb şagirdləri tərəfindən Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş bədii kompozisiya, səhnəciklər və film nümayiş olundu. Rayon İcra Hakimiyyəti tərəfindən 148 nömrəli tam orta məktəbin direktoru Esmira Babayevaya tədbirin yüksək səviyyədə təşkil olunduğu üçün təşəkkür bildirildi və ona rayonun ictimai həyatında fəal iştirakına görə diplom təqdim edildi.