Nardaranda yeni polis bölməsinin inzibati binasının açılışı oldu
25 dekabr 2015-ci il tarixində Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni fəaliyyətə başlayan 42-ci Polis Bölməsinin inzibati binasının açılışı oldu.
Binanın açılışında Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Eldar Quliyev və Dilarə Cəbrayılova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimyyəti başçısının müavinləri, idarə və müəssisə rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov açaraq bildirdi ki, Daxili İşlər Nazirliyi tərəfindən Sabunçu rayon Polis İdarəsinin tərkibində 42-ci Polis Bölməsinin yaradılmasında məqsəd ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaqdır.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bölmə işçilərini bu münasibətlə təbrik etdi və bildirdi ki, Azərbaycanda hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.
Tədbirdə öz çıxışında polis peşəsinin şərəfli bir peşə olduğunu deyən Milli Məclisin deputatı Eldar Quliyev yeni yaradılan bölmənin əməkdaşlarını təbrik edib və onlara öz işlərində uğurlar arzulayıb.
Daha sonra açılışı bildirən rəsmi qırmızı lent kəsilib. Açılışdan sonra mərasim iştirakçıları yeni polis bölməsinə baxış keçirib. Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyevə burada yaradılan şərait və imkanlar barədə məlumat verib.