Sabunçu rayonunda “20 Yanvar faciəsi”nin 26-ci ildönümü ilə bağlı inşa-yazı müsabiqəsi keçirildi
13 yanvar 2016 - cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və 252 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa-yazı müsabiqəsi keçirildi. İlk öncə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov, Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Elxan Mirzəyev çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayət olduğunu, xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günü olduğunu vurğuladılar. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdirlər.
Çıxışlardan sonra Sabunçu rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Pərvanə Əliyeva iştirakçılara müsabiqənin keçirilmə şərtləri və qaydaları haqqında məlumat verdi və müsabiqəyə start verildi.
Müsabiqənin nəticələrinə görə I yerə 96 saylı tam orta məktəbin 10b sinif şagirdi Vəlicanova Minayə, II yerə 155 saylı tam orta məktəbin 9b sinif şagirdi Həsənova Nərmin, III yerə isə 296 saylı tam orta məktəbin 11b sinif şagirdi Azadi Günel layiq görülərək Rayon Gənclər və İdaman İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olundular.