Sabunçu rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
20 fevral 2016-cı il tarixində Sabunçu Gənclər Evində Sabunçu rayonunun 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbir Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkili Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH başçısı Aparatının məsul işçiləri, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlərdən bəhs edən filmin nümayişi ilə başladı.
Tədbirdə ilk öncə hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2015-ci il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirdi. Adil Vəliyev qeyd etdi ki, 2015-ci il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində və digər mənbələr hesabına 2015-ci il ərzində rayonda bir çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, qaz, istilik, elektrik enerjisi, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması, təhsil, səhiyyə obyektlərinin, yaşayış binalarının təmiri, küçə və yolların yenidən qurularaq abadlaşdırılması istiqamətində böyük həcmli işlər görülmüşdür.
Beləki, Sabunçu qəsəbəsindəki 148 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olan köhnə korpusu sökülərək yerində 528 yerlik yeni tədris korpusu tikilmiş, Bakıxanov qəsəbəsində Sabunçu rayon və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələrinin inzibati binalarında tikinti işləri başa çatmışdır. Ötən ilin sentyabr ayının 15-də və noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həmin obyektlərin açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bundan başqa Bakıxanov qəsəbəsində “Stimul Hospital” tibb mərkəzinin yeni binasının tikintisi, Zabrat qəsəbəsində 282 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri də başa çatdırılaraq istifadəyə verilmişdir.
2015-ci ildə də Bakıxanov qəsəbəsində aparılan yenidənqurma və abadlıq işləri davam etdirilmiş, qəsəbənin Ş.Kamilov 5,7,9,11 məhəllə 4090/94 ev 4,6, M.Fətəliyev küçəsi 68,70, S.Cabbarov küçəsi 4, M.Əmirov küçəsi 32,34,36,38, R.Axundov küçəsi 40/6, 8a ünvanlarında 5 nümunəvi həyət salınaraq sakinlərin istifadəsinə verilmişdir.
Dövlət Proqramı çərçivəsində və başqa mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmiri, asfalt örtüklərinin vurulması davam etdirilmişdir.
Bakıxanov qəsəbəsi mərkəzi Mehmandarov küçəsi boyu dəmiryolu stansiyasından Rayon İcra Hakimiyyətinin inzibati binasına qədər ikitərəfli yolun arasındakı alleyanın hər iki tərəfində metal barmaqcıqlar quraşdırılmaqla yaşıl örtüklərin vurulması işləri də artıq başa çatdırılmışdır.
Hazırda Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyələrlə birgə qarşılıqlı razılıq əsasında hər qəsəbədə daxili imkanlar hesabına bir neçə küçənin abadlaşdırılması və asfalt örtüyünün vurulması işlərinə başlanmışdır. Bu tədbir ilin sonuna kimi davam etdiriləcək.
Rayonun Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrindəki ictimai mənzil fondunda bir sıra yaşayış binalarının istismar müddətini keçərək qəzalı vəziyyətə düşməsi narahatlıq doğurduğundan, müraciətimiz əsasında həmin məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 nömrəli qərarına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə “Pilot” layihə formatında 5 il müddətinə əlavə səlahiyyətlər verilmiş və qarşımıza bir sıra vəzifələr qoyulmuşdur. Artıq bu qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülmüş, həmin qəsəbələrdə çoxmənzilli, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək rəy verilməsi üçün əlaqədar Dövlət orqanları və nəzarət qurumlarının mütəxəssislərindən ibarət komissiyaya göndərilmişdir. Hazırda 35 yaşayış binası üzrə müvafiq rəylər verilmişdir. Verilmiş bu rəylər əsasında kəskin qəza vəziyyətində və uçma təhlükəsi olan Ramana və Bakıxanov qəsəbələrindəki 5 binadan sakinlər köçürülərək yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanmışdır. O da qeyd edilməlidir ki, bu tikinti-təmir və aparılacaq abadlıq işləri zamanı ilkin olaraq rayonun 630 nəfər sakinini işlə təmin etməyi planlaşdırırıq.
2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində baş verən hadisələr ictimaiyyətə bəllidir. Bildirmək istəyirik ki, bu Respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi ixtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bir qrup silahlı - cinayətkar dəstə tərəfindən planlaşdırılmışdı. Görülmüş tədbirlər əsasında həmin dəstə zərərsizləşdirilərək məsuliyyətə cəlb edilmiş və artıq qəsəbədə əmin-amanlıq tam bərpa olunmuşdur.
Qəsəbədə əhalini narahat edən sosial məsələlərin həllinə, geniş abadlıq işlərinin, küçə və yolların yenidən qurulmasına başlanmışdır. Qısa müddət ərzində orada Sabunçu Rayon Polis İdarəsinin 42 saylı Polis bölməsi və Elektrik Enerji Təchizatı və Satışı İdarəsinin bölməsi üçün inzibati binalar tikilib istifadəyə verilmiş, Dövlət Təhlükəsizlik Xidməti Sabunçu rayon idarəsinin və Sabunçu Dövlət Yanğından Mühafizə hissəsinin qəsəbədə yeni bölmələri üçün inzibati binalarının tikinti işləri isə başa çatmaq üzrədir.
Bundan əlavə Rayon İcra Hakimiyyəti başçısının xüsusi sərəncamına əsasən Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Plana əsasən qəsəbədə bir sıra istehsal sahələrinin, sosial obyektlərin inşası, yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur.
Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən Milli Məclisə seçkilər keçirildi. Görülmüş tədbirlər əsasında rayonda fəaliyyət göstərən hər 3 Dairə Seçki Komissiyası və 112 seçki məntəqəsi vaxtında hazır vəziyyətə gətirələrək seçkilərin müvəffəqiyyətlə keçirilməsi təmin olunmuşdur.
Rayon İcra Hakimiyyəti 2015-ci il ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, rifah halının yaxşılaşdırılması, sosial problemlərinin həlli üzrə konkret tədbirlər həyata keçirmişdir.
2015-ci ildə İcra Hakimiyyəti aparatına 4832 ərizə və şikayət, 2384 məktub və xidməti sənəd daxil olmuşdur ki, bu da 2014-cü ildəkindən ümumilikdə 3,2 faiz azdır. O da qeyd edilməlidir ki, il ərzində daxil olmuş ərizə və şikayətlərin sayı 6,6 faiz azalmışdır ki, bu da müsbət haldır. İcra Hakimiyyətində il ərzində vətəndaşların mütəmadi qəbulu təşkil edilmiş, keçirilmiş 20 səyyari görüşlərdə isə 2800-dən çox sakin iştirak etmiş və bu görüşlərdə 135 məsələ qaldırılmışdır. Vətəndaşların müraciətlərinə yerində baxılaraq müvafiq köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında il ərzində vətəndaşlara ümumilikdə 200 min manatdan çox maddi yardım göstərilmişdir.
Hər il olduğu kimi, “20 Yanvar” ümumxalq hüzn günü, “Xocalı soyqırımı” günü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, “Gül Bayramı”, “9 May-Qələbə Günü”, Azərbaycan xalqının müqəddəs “Novruz”, “Ramazan”, “Qurban” bayramları, Dövlət Müstəqilliyi, Dövlət Bayrağı, Konstitusiya, Dünya Azərbaycanlılarının Həmrəyliyi və s. əlamətdar günlər münasibətilə rayonda silsilə tədbirlər keçirilmişdir.
Hesabat yığıncağında, “Şirin MMC”-nin müdiri Tahir Əliyev, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Dövlət Təhlükəsizlik Xidməti Sabunçu Rayon İdarəsinin rəisi
Faiq Nuriyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva çıxış etdilər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi və Sabunçu rayonunda görülən işləri müsbət qiymətləndirərək uğurların davamlı olmasını arzuladı.
Hesabat yığıncağının sonunda Sabunçu rayonunun ictimai-siyasi həyatında aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olunub.