Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun məktəbliləri üçün “XOCA” filmi nümayiş olundu

22 fevral 2016 | 20:00

23 fevral 2016-cı il tarixində Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, faciə haqqında uşaqların ətraflı məlumatlandırılması məqsədilə Sabunçu rayonunda 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin yuxarı sinif şagirdlərinin, eləcə də “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin fəal nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimində faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, çıxış ediblər. Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin gələcək nəslə ötürülməsi, uşaqların vətənpərvər ruhda böyüməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Həmçinin qeyd olunub ki, Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, onun hələ də bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırım və insanlığa qarşı cinayət kimi qəbul edilməməsi təəssüf doğurur.
Eyni zamanda “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin fəal nümayəndələri Elman Aslanov, Əli Zeynalov, Nigar Quliyeva tədbirdə gənclər adından çıxış edərək bildiriblər ki, nə qədər ki Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün səylərini əsirgəməməlidir.
Çıxış və müzakirələrdən sonra rejissor Vahid Mustafayevin 2012-ci ildə çəkdiyi “Xoca” filmi nümayiş olunub.
Tədbirin sonunda uşaqlar üçün maarifləndirmə materialları paylanılıb.

Keçidlər