Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Xocalı sakinləri ilə görüşü keçirildi
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən 25 fevral 2016-cı il tarixində Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalı sakinləri ilə görüş keçirilmiş, xocalıların əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq ehsan verilmişdir.
Görüşdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, müavinlər, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, qəsəbə icra nümayəndələri və 250 nəfər xocalı sakini iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları Xocalı soyqırımında Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə başsağlığı verdi və bildirdi ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.
Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov isə öz çıxışında Xocalı soyqırımı haqqında danışaraq bu dəhşətli faciəni törədənləri pisləyərək öz cəzalarına çatacaqlarına əmin olduğunu bildirdi.
Sonra 2 saylı Xocalı rayon məktəbinin şagirdləri hazırladıqları bədii kompozisiyanı təqdim etdilər. Tədbir ehsan süfrəsi arxasında davam etdi. Din xadimləri xocalı sakinlərinin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar.