Sabunçu rayonunda “Multikulturalizm : dünən və bu gün” adlı tədbir keçirildi
27 fevral 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının və Azərbaycan Milli Elimlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Multikulturalizm: dünən və bu gün” adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Rus, Ukrayna və dini icmaların sədrləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini bildirib. Onun sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. “Ümummilli lider Heydər Əliyev multikultural dəyərləri demokratiyanın bir hissəsi hesab edib. Bu siyasət cənab Prezident tərəfindən bu gün də davam etdirilir. A.Məmmədova vurğuladı ki,”Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Multikultural cəmiyyətdə hər bir vətəndaş bərabər hüquqlara sahibdir. Bunun Azərbaycanda, o cümlədən də Sabunçu rayonunda əyani şahidi oluruq. Rayonun müxtəlif müəssisələrində bu yöndə silsilə tədbirlərimiz davam etdiriləcək.”
YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva çıxış edərək, cənab Prezidentin bu ili “Multikulturalizm ili” elan etdiyi üçün hər bir vətəndaşın bu yöndə fəaliyyət göstərməli, məsuliyyət daşımalı olduğunu deyib: “Azərbaycan qədimdən müxtəlif millətlərin, ayrı-ayrı dini dəyər daşıyıcılarının mehriban şəraitdə yaşadığı məkan olub. Bədxah qonşumuz monorespublikadır. Orada başqa millətlərin nümayəndələri yaşaya bilmir. Hətta öz millətləri belə başqa ölkələrdə yaşamağa üz tutur. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri isə buranı öz evləri kimi qəbul edir.”
Sabunçu Rayon Rus İcmasının sədri Lyubov Pankina çıxış edərək vurğuladı ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən, pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Daha sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə multikultural dəyərlər və tolerantlıq mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir diskussiyalarla davam etdirilib.