Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Sabunçu Məhkəmə Kompleksinin təməli qoyulmuşdur

29 yanvar 2013 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir.

Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binasının, o cümlədən dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmış, ötən ilin sonunda Şəkidə 4 məhkəmənin yerləşəcəyi yeni Məhkəmə Kompleksinin təməli qoyulmuşdur. Bütövlükdə isə vahid konsepsiya əsasında və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanaraq bəziləri üzrə artıq tikintiyə başlanılmışdır.
Yanvarın 22-də Sabunçu rayonunda 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin yerləşəcəyi paytaxtımızda ilk məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko və digər məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hakimlər, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Ümumi sahəsi 9 min kvadratmetrdən çox olan məhkəmə kompleksi beş mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq bu kompleksdə də proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcəkdir.

Tədbir iştirakçıları Sabunçu Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, kompleksin təməli qoyulmuşdur.
Həmçinin bildirilmişdir ki, bütün ölkədə ən yaxşı binalardan olacaq Sabunçu Məhkəmə Kompleksinin inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, ədalət mühakiməsinə çatdırmağa daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.
 

Keçidlər