Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaranda gənclər üçün maarifləndirici tədbir keçirilmişdir

03 mart 2016 | 20:00

04 mart 2016-cı ildə Sabunçu Rayon İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və 130 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu sahədəki təşəbbüslərinin dəstəklənməsi, biznes sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov və Nardaran qəsəbəsində yaşayan bir qrup gənclər iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə çıxış edərək dövlət başçısının Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da yeni istehsal və xidmət sahələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını qeyd etmiş, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Nardaran qəsəbəsi üzrə nəzərdə tutulan tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara uyğun olaraq, Nardaran qəsəbəsində infrastrukturun yenidənqurulması, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.
Çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, gənclərin məşğulluğunun təmin edilməsinə və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim xüsusi diqqət göstərildiyini qeyd etmişdir. Bildirilmişdir ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun artırılması məqsədilə onlara nümunəvi investisiya layihələri təqdim edilir, güzəştli kreditlər verilir, gənclər ixtisasartırma üçün xarici ölkələrə göndərilir, gənc sahibkarlar üçün müxtəlif treninqlər keçirilir.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Bakı şəhərində və regionlarda sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi barədə məlumat vermişdir.
Sonda  biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır. Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər