Sabunçu Rayon İcra Hakimiyyətində “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu
07.03.2016-cı il tarixdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətində çalışan xanımlarla görüş keçirilmişdir.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər və RİH başçısı aparatında çalışan xanım işçilər iştirak edirdi. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev gözəl bayram münasibəti ilə xanımları təbrik etdi. A.Vəliyev bildirmişdir ki, Prezident İlham Əliyevin güclü dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Bu inkişaf Azərbaycan qadınlarının da ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın.
Sonra SRİH başçısının I müavini Güloğlan Məmmədov, müavin Aftandil Hüseyn-zadə çıxış edərək qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirdə bütün qadınlar adından çıxış edən müavin Arzu Məmmədova dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlılğını bildirdi.
Sonda dövlət qulluğunda səmərəli xidmətləri ilə fərqlənən qadınlar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.