“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan məktəbliləri Bakı Olimpiya Stadionunda oldular
18 mart 2016-cı il tarixində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində üçüncü gündür paytaxtda olan Naxçıvan məktəblərinin 150 IX-XI sinif şagirdindən və 20 müəllimindən ibarət qrup Bakı Olimpiya Stadionunda olub.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tur-aksiya iştirakçılarını salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik etdi. A.Məmmədova bildirib ki, bu irimiqyaslı tədbir dövlətimizin rəhbərliyinin gənclər siyasətinin tərkib hissəsidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tarixinin, mədəniyyətinin adət-ənənələrinin, müstəqillik illərində qazanılan nailiyyətlərin dərindən öyrənilməsi məqsədinə xidmət edir.
Sonra məktəblilər Azərbaycanda və bütün Qafqazda ən böyük stadiona ekskursiya ediblər.
Ekskursiyanı daha maraqlı etmək üçün Sabunçu rayonunun 148 nömrəli məktəbinin şagirdləri Novruzun gəlişinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda Naxçıvan məktəblilərinə Sabunçu rayonu haqqında məlumat bukletləri paylanılıb və xatirə şəkilləri çəkilib.