Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2 Fevral Gənclər Günü qeyd edildi

03 fevral 2013 | 20:00

Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə iştirakı ilə 2 Fevral Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək, gəncləri bu əziz bayram münasibəti ilə təbrik etdi və Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak etməyə çağırdı. Adil Vəliyev gənclər gününün yaranma tarixindən və ölkə gənclərinə göstərilən dövlət qayğısından söhbət açdı. O bildirdi ki, bu gün Azərbaycanın gələcəyi gənclik üçün qurulur və hər bir gənc də dövlətin quruculuq istiqamətindəki fəaliyyətində yaxından iştirak edərək, özünü göstərməlidir. Rayon İcra başçısı onu da vurğuladı ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsinin, gələcəyin etibarlı təminatının intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sahələrində iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu diqqətə çatdırdı: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Sabunçu rayon gəncləri Ulu Öndər Heydər Əliyevin 90 illik yubiley ilində həyata keçiriləcək tədbirlərdə yaxından iştirak edəcəkdir”.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlərin qarşıda duran əsas vəzifələrdən biri olduğunu söyləyib: “Ümummilli Lider Heydər Əliyev 1995-ci ilin martından ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi. 2 fevral 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi”.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev gəncləri bayram münasibəti ilə təbrik etdi və dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı.

Tədbirdə həmçinin YAP Gənclər Birliyinin sədri Seymur Orucov gəncləri bayram günü münasibətilə təbrik etdi, Gənclər Gününün təsis edilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı və gənclərə uğurlarının davamlı olmasını arzuladı.

Sonda tədbir 2012-cildə əldə etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai işlərdə fərqlənən bir qrup gəncin rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının fəxri fərmanı ilə təltif olunması və qiymətli hədiyyələrlə mükafatlandırılması ilə yekunlaşdı.
 

Keçidlər