Sabunçu rayonunda “İlaxır çərşənbə” günü münasibətilə tədbir keçirildi
15 mart 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və 148 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “İlaxır çərşənbə” günü qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, müavinlər, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və qəsəbə sakinləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Multikulturalizm ilinə həsr olunmuş sərgi ilə tanış oldular. Sonra Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev şənlik iştirakçılarını salamlayaraq onları baharın gəlişi, sonuncu Torqaq çərşənbəsi ilə təbrik etdi, sülh və əmin-amanlıqla dolu il arzuladı. A.Vəliyev Novruz bayramının əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan , insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl olduğunu bildirdi.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev öz çıxışında xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətlərini vurğuladı.
Sonra 148 nömrəli tam orta məktəbin şagird kollektivi hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Çıxışlarda Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Novruz personajları Kosa və Keçəlin, “Bahar qızının” və “Dədə Qorqudun” mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı. Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq çərşənbə tonqalını yandırdı.