Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ağsaqqallar Şurasının 2012 – ci il ərzində gördüyü işlərin hesabat yığıncağı keçirilib

06 fevral 2013 | 20:00

6 Fevral 2013-cü il tarixdə Sabunçu rayonunda Sabunçu rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənabları, Azərbaycan Ağsaqqalar Şurasının səlahiyyətli nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.Hesabat yığıncağının açılışını Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Əliyev Məmmədağa açaraq çıxış etdi. “Bildiyiniz kimi Sabunçu rayon Ağsaqqallar Şurası 2008-ci ilin avqust ayında təsis edilib. Şuranın rayonun bütün qəsəbələrində dayaq məntəqələri yaradılıb. Hazırda 150-yə yaxın üzvümüz var. Öz fəaliyyətini Respublika Ağsaqqallar Şurasının nizamnaməsinə uyğun qurur, iş planı əsasında həyata keçirir. Proqram formasında tərtib edilən iş planı hər ilin sonunda təsdiq edilir. Görülmüş işlər barədə Respublika Ağsaqqallar Şurasına müvafiq məlumatlar verilir. Ötən il ərzində rayon Ağsaqqallar Şurası gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və bu ruhda böyüməsində işlər görməyə çalışmışdır.

Belə ki, 20 Yanvar faciəsinin, 26 fevral Xocalı faciəsinin, 31 mart azərbaycanlıların Soyqırımı günlərində rayon və respublika səviyyəli tədbirlərdə iştirak etməklə yanaşı qəsəbələrdəki məktəblərdə, dövlətçilik tariximizə, milli müstəqilliyimizin əldə edilməsində və ümumxalq birliyinin əhəmiyyətinə dair söhbətlər aparılmışdır. Bununla yanaşı ildə iki dəfə hərbi komissarlıqda çağırışçılarla görüş keçirir, hərbi xidmətə gedən gənclərin yolasalınma tədbirlərində iştirak edirik. 28 may Respublika günü və 18 oktyabr Dövlət Müstəqilliyi Günündə də respublika və rayon səviyyəli tədbirlərdə iştirak etməklə bərabər ayrı-ayrı yerlərdə, kütləvi informasiya vasitələrində ağsaqqallarımızın çıxışları təşkil edilib.

2 oktyabr Ahıllar Günündə Respublika Ağsaqqallar Şurasının toplantısı keçirilir və onlar ilə birlikdə Bilgəh qəsəbəsindəki Qocalar evinə ziyarət edir, sovqat aparırıq. Novruz, Qurban və Ramazan bayramlarında imkanlı şəxslərin köməyi ilə ehtiyacı olan ailələrə ərzaq yardımlarının verilməsində yaxından iştirak edirik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə hər il Maştağadakı 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasında “Açıq qapı” aylığı keçirilir. Bu işdə rayon Ağsaqqallar Şurası da yaxından iştirak edir. Respublikamızın günü-gündən inkişaf etməsi hamımızın gözü qabağındadır. Yeni-yeni məktəblər tikilir, səhiyyə ocaqları, mədəniyyət evləri inşa olunur, xiyabanlar və parklar salınır. Gözümüzün qarşısında rayonumuz günü-gündən müasirləşir və yenilənir”.

Təbrik üçün söz Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə verildi. Adil Vəliyev cənabları toplantı iştirakçılarını bugünkü tədbirlə əlaqədar təbrik etdi və Sabunçu rayon Ağsaqqallar Şurasının fəaliyyətini kafi qiymətləndirdi. Cənab Vəliyev Ağsaqqallar Şurasının rəhbərliyinə, qəsəbə dayaq məntəqlərinin rəhbərlərinə işlərində ciddi dönüş yaratmağı, gənc nəslin vətənpərvər ruhda böyüməsini, ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların cəmiyyətimizin həyatında mühüm roldan söz açdı.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev Ağsaqqallar Şurasının üzvlərini rayonun və bütövlükdə ölkənin ictimai-siyasi və mədəni tədbirlərində fəal iştirak etməyə çağırdı. Rayon ictimaiyyəti ilə Ağsaqqallar Şurasının keçirdiyi görüşlərdə Ulu Öndərimizin, xalqımız, dövlətimiz, ölkəmiz üçün necə böyük işlər gördüyünü, dövlət müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanılmasında göstərdiyi əzmkar mübarizəsindən, Onun bir lider şəxsiyyət kimi dünya arendasında özünəməxsus yer tutması, bu günümüz üçün hamılıqla O şəxsə borclu olduğumızı xüsusi vurğulanmasını diqqətə çatdırdı. Ağsaqqalların apardıqları maarifləndirmə xarakterli görüşlərdə, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərin mahiyyətinin gənc nəsillərə hər tərəfli izah olunmasının əhəmiyyətini vurğuladı. Respublika Prezidenti cənab İlham Əliyevin, xüsusilə Bakıətrafı qəsəbələrin abadlaşdırılması və sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi qərarlar, verdiyi sərəncam və göstərişlərin, xarici siyasət sahəsindəki uğurlarımız, ölkəmizin nüfuz qazanması istiqamətindəki gördüyü işlərin əhali arasında təbliğində ağsaqqalların böyük rolu olduğunu bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısının çıxışından sonra hesabat yığıncağında gündəlikdə duran məsələlərin müzakirəsinə keçildi. Sabunçu rayon Ağsaqqallar Şurasının sədri üzrə keçirilən seçkilərdə səs çoxluğu ilə Bakıxanov bələdiyyəsinin sədri Əsədov Nadir Həsən oğlu yekdilliklə Sabunçu rayon Ağsaqqallar Şurasının sədri seçildi.Sabunçu rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı qərar oxunuşu ilə başa çatdı. Sonda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev yeni seçilmiş sədr və onun müavinlərinə müvəffəqiyyətlər arzuladı, Azərbaycan Ağsaqqalar Şurasının qurultayında Sabunçu rayonunu ləyaqətlə təmsil etməyi tövsiyyə edərək, Sabunçu Ağsaqqallar Şurasının hər bir üzvünə uğurlar dilədi.
 

Keçidlər